
“Qarabağ” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram.
Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.
Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik.
İcraiyyə Komitəsinin heç bir iclasına icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq.
Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə baxsaq, ən çox zədəlilər “Səbail”də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istəyərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar.
Oyunlar olur ki, bəzən çox müdaxilə edirsən, bəzən sakit olursan. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir.
Bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun”.