
Abdulla Zubir Premyer Liqanın cari mövsümündə beşinci qolunu vurdu.
«Səbail» ilk dəfə bu siyahıya daxil oldu.
Leandro Andrade Bayılda het-trik etdi. Beləcə, çempionatdakı qollarının ümumi sayını 14-ə çatdırdı, bombardirlər yarışında liderliyini möhkəmləndirdi.
«Qarabağ»da Juninyo yoxdur, Musa Qurbanlı var, Nəriman Axundzadə var, o var, bu var, amma qolçu isim Leandrodur.
Bu, komandanın güc nisbətində orta sahənin nə qədər ağırlıq təşkil etməsinin göstəricisidir.
Kadi Borgesin qayıdışından ən çox təəssirlənən də elə Andradedir. Əksi gözlənilirdi amma. Leandro Kadinin dönüşü ilə yenidən özünü meydanda tapıb, həm özü canlanıb, həm də «Qarabağ»ı canlandırıb.
Daha əlavə isbata gərək yox, «Qarabağ» nə vaxt əsas heyətindən istifadə edirsə, Premyer Liqada qarşısına çıxa bilən olmayacaq.
Növbəti çempionluğa demək olar heç nə qalmayıb, o gün çox yaxındadır, bununla belə, Qurban Qurbanov bir neçə hətfədir ki, kiməsə dinclik vermir. Zubir və digərləri ilk dəqiqələrdən meydandadır.
Bu, qarşıdakı avrokuboklar mövsümünə hazırlığın ilkin mərhələsidir. Qurbanov indidən Çempionlar Liqasına «tədarük» görür, optimal «11-lik» formalaşdırır.
Şübhəsiz, maydan sonra düşərgəni bir neçə nəfər tərk edəcək. Baş məşqçi kimləri «qara siyahı»da görmürsə, onların əksər qismini Premyer Liqanın dördüncü dövrəsində sınaqdan keçirir.
Yoxsa ki, indiki oyunların «Qarabağ» aspektindən elə ciddi əhəmiyyəti qalmayıb, hər şey bəllidir.
ELNUR