
Camaat yuxusunda xəyal etdiyi həyatı, arzuladığı işi, itirdiyi insan(lar)la bir neçə dəqiqə vaxt keçirməyi görəndə, mənim yuxuma Nəriman girər.
Gecə yerimdən dik atıldım. Gözlərimi açanda ağ tavandan başqa heç nə yox idi. O, nə röya idi, İlahi?
“Qarabağ” Nəriman Axundzadəni 400 min avroya “Molde”yə satar-satmaz istedadlı həmyerlimiz Norveçdə qolları sıralamağa başlayır. Səs-sorağı Haalanda kimi gedib çıxır. Avropa başına and içir, “elçilər”i “Molde”nin qapısında bir-birini qırır.
Aparıcı klublar lənkəranlı balasının üstündə dava edir. Axırda hansı qalib ayrılsa yaxşıdır?
“Barselona”!
Norveçdə seçimi Nərimanın öz öhdəsinə buraxırlar. Qardaşımız da eləmə tənbəllik, Arda Gülərə qarşı oynayıb, ona əsl futbolçunun necə olduğunu göstərmək üçün İspaniya nəhəngini seçir. Hələ ətrafındakılara da deyir ki, Ardaya göstərəndən sonra Fransaya gedib Xviça Kvaratsxeliyanı da başa salacam.
Avropadakı qürurumuz “Barselona”dakı debütündə qol şanslarını boşa verir. İkinci oyunda da heç nə ilə yadda qalmır. Üçüncüdə ayağı ayağına dolaşır. Azarkeşlərin uğultusu qulaqları batırır.
Nəhayət, İspaniya kubokunda aşağı liqa təmsilçisi “Izarra” ilə dueldə boş qapını dəqiq nişan alır və...
... dərhal künc bayrağının yanındakı kameranın qabağına qaçıb, ikinci barmağını ağzına aparıb “susun” mesajını verir.
Vəssalam, qırğın düşür də.
Oyundan sonra avtobusu dövrəyə alan “Barselona” azarkeşləri Axundzadə ilə haqq-hesab çürüdür. Biri “kimi susdurursan” sualını verir.
O biri deyir, bura La Liqada qol vurmaq üçün gəlmisən, beşinci liqa komandasını məyus etmək üçün yox. Axırda cüssəli biri Nərimanın yaxasından tutub havaya qaldırıb soruşur ki, barmağını dodaqlarına yapışdırmağın izahını ver görüm, nə demək istəyirsən?
Boğula-boğula qalan Nəriman bu dəfə elə həmin barmağı ilə icazə istəyir ki, kələ onu yerə qoysun.
Yerə qoyan kimi sabiq “Qarabağ”lı and-aman edərək Azərbaycanda bu jesti dəfələrlə etdiyini bildirib, kimsənin ona “gül”dən artıq söz demədiyini diqqətə çatdırır.
Başına döndüyüm azarkeş də az bilmir. Üzünü Azərbaycan millisinin üzvünə tutub “İspaniyada qol vurmaqla azərbaycanlıları susdura bilərsən, bizi yox. Ağlını ora vermə” deyə dilənir.
Nəriman mənə baxır, mən də Nərimana. Deyir, Bakıya qayıtmaq üçün bilet almağı kimdən xahiş edim?
Deyirəm, qayıtma, qal “Barselona”da. Onsuz da “sus” mesajını azərbaycanlılara verirsən, ispanlara yox. Haqqındır. Ancaq vətənə qayıtsan, bunu eləmə. Çox şit görünür.
Yenə nəsə soruşmaq istəyəndə, gözlərimi açıram ki, yuxudur.
HƏBİB / SPORTİNFO.AZ