
Kadi Borgesin «Qarabağ»a qayıtmasından iki ay keçib.
İki ildən sonra keçmiş komandasına dönən braziliyalı artıq aktivinə 5 qol yazıb, hamısı da bir-birindən əhəmiyyətli.
Kadi hələ ideal forma yaxalamayıb. Əvvəlki Kadi olması üçün ona hələ 1 ay da vaxt lazımdır. İstəyi, əzmkarlığı da öz yerində.
Necə öncə, indi də elə.
O, «Qarabağ»ın 2025-ci il üçün ən böyük transferidir. Kaş ki, sezonun başında dönərdi bura.
«Qarabağ» onda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanıb, yoluna hələ də Avropa Liqasında davam edərdi, yenə avrokubokların yazını,bahar nəfəsini hiss edərdik.
Braziliyalı vingerin cərimə zərbəsindən «Zirə»yə vurduğu qol Premyer Liqaya gözəllik qaidı. Biz belə sərrast vuruşları çempionatda tez-tez izləmirik.
Amma təbii ki, bir güllə bahar olmur. «Qarabağ»da heç də bütün futbolçular Kadi qədər həvəsli təsir bağışlamadı.
Qurban Qurbanovun «əlindən tutan» orta sahədir. «Qarabağ» oyuna Zubir, Benzia, Kadi və Leandro Andrade ilə başlamasa, bu komandanın başqalarından fərqi olmaz.
Müdafiə və hücum xəttində boşluqlar yenə nəzərə çarpdı. «Zirə»nin ikinci hissədəki təzyiq dalğasının qarşısını almağa çətinlik çəkdilər.
MUSA