“Qarabağ” bu həftə uduzsa...

6 Aprel 17:45 Qarabağ 739
“Qarabağ” bu həftə uduzsa...

Premyer Liqanın 29-cu turunun mərkəzi qarşılaşması Bakının mərkəzindəki stadionda baş tutacaq.

Aprelin 6-da “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”ni qəbul edəcək.

Başqa vaxt olsaydı, bəlkə də “köhlən atlar”ın asan qələbə qazanacağını iddia etmək olardı. Lakin indiki vəziyyətdə bu, kifayət qədər çətin görünür.

Əvvəla ona görə ki, Qurban Qurbanovun komandası yeni ildə qeyri-sabitliyi ilə diqqət çəkməkdədir.

Son çempion üçüncü dövrədə “Turan Tovuz”la “Zirə”yə boyun əyib, “Kəpəz” və “Sabah”la oyunları 1 xalla başa vurub. 2025-ci ildə Premyer Liqada keçirilən 10 oyunda mümkün 30 xaldan 10-u itirilib.

Bu azmış kimi, ağdamlılar “Aaz-Naxçıvan”la ölkə kuboku çərçivəsindəki dueldə meydanı məğlub tərk edib.

Əvəzində “Zirə”nin işləri “yağ kimi” gedir. Qəsəbə təmsilçisi qış fasiləsindən bu yana elitada keçirdiyi 10 oyunun 8-ni qələbə ilə başa vurub. Digər iki görüşdə “Neftçi”yə boyun əyən “qartallar” “Sabah”la bərabərə qalıb.

Şəxsi görüşlərə gəlincə, ilk iki dövrədə “Qarabağ” qalib gəlib, sonuncu qarşılaşmada zirəlilər 3 xal istəyinə çatıb. Maraqlıdır ki, bütün oyunlarda qapılara 4-dən artıq top vurulub.

“Zirə” şənbə günü meydanı qalib tərk etməyi bacarsa, lider “Qarabağ”la xal fərqini 9-a enəcək.

“Köhlən atlar”ın qarşıda çətin sınaqlarının olduğunu nəzərə alsaq, xal itkiləri mümkünsüz görünmür. Bu isə zirəliləri çempionluq arzusunda həvəsləndirə bilər.

Maraq üçün bildirək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda xal fərqində olduğu kimi, vurulan və buraxılan qolların sayında da yalnız “Qarabağ”dan geri qalır.

Aprelin 6-da baş tutacaq oyun saat 19:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti