
Premyer Liqada iki həftəlik fasiləyə turun mərkəzi oyunu ilə son qoyulacaq.
Martın 28-də avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” doğma azarkeşlərinin gözləri qarşısında son çempion, hazırda turnir cədvəlinə liderlik edən “Qarabağ”ı qəbul edək.
Kurban- Qurban - 2:1
“Köhlən atlar”ın cari mövsümdə bir dəfə də olsun məğlub edə bilmədiyi yeganə komanda məhz “Turan”dır.
Birinci dövrədə Bakıda baş tutan oyunda qərblilər ağdamlılar üzərinə 1:0 hesablı qələbəyə sevinibsə, ikinci dövrədə Tovuzda keçirilən qarşılaşmada azarkeşlər qol görməyib – 0:0.
Qış fasiləsindən sonra Bakıdakı görüşdə sevinən tərəf yenə tovuzlular olub. Otto Con son saniyələrdə vurduğu qolla komandasına qələbə qazandırıb – 2:1.
Beləliklə, cari mövsümdə Kurban Berdıyevlə Qurban Qurbanovun duellərində hesab 2:1 birincinin xeyrinədir. Çempion bu dəfə də qələbə qazana bilməsə, rəqiblər “Qarabağ”ı dayandırmağın yollarını öyrənmək üçün Berdıyevin qapısında növbəyə dayanacaq.
“Qarabağ”lılar zülm çəkir
“Qarabağ”ın futbolçularının ən nifrət etdiyi şey yararsız süni örtükdə oynamaqdır. “Köhlən atlar” hər il olduğu kimi, carı “futbol ili”ndə də “sintetika”da çətinliklə üzləşiblər.
Avqustdan bu yana Tovuza üç dəfə səfər edən Qurbanovun yetirmələri iki halda qolsuz bərabərə qalıb, bir dəfə “Kəpəz”i darmadağın etməyi bacarıblar (5:0).
Şamaxı səfərinin də çətin keçdiyini deyə bilərik. İkinci dövrədə Şamaxıda yerli komanda ilə “sintetika”da baş tutan qarşılaşma kifayət qədər gərgin alınmış, Musa Qurbanlı son saniyələrdə vurduğu qolla komandasına qələbə qazandırmışdı.
Eyni hal “Səbail”in süni örtüklü meydanında keçirilən görüşdə yaşanıb. İkinci dövrədə baş tutan oyunda “Qarabağ” rəqibi üzərində 1:0 hesablı çətin qələbəyə sevinib.
Çempion üçün problem
İki həftəlik fasilənin “Qarabağ”ın işinə yaradığını demək çətindir. Komandanın səkkiz üzvü Azərbaycan millisinin, digər dörd nəfər öz ölkəsinin yığmasının sıralarına qoşulub. Abbas Hüseynov isə zədəsinin sağaltmaqla məşğuldur.
Yerli futbolçular komandaya “Turan”la oyuna bir-iki gün qalmış qoşulacaqsa, uzaq yol qət edən Marko Veşoviç, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzianın Tovuzda meydana çıxacağı sual altına düşəcək.
Qurbanov komandasını mərkəzi oyuna istədiyi kimi hazırlaşdıra bilməyib, bu, dəqiqdir. Berdıyev isə tam heyətlə hazırlıq keçib. Rusiyalı çalışdırıcını narahat edən əsas məqam itkilərin çoxluğudur ki, o, artıq buna alışıb.
Cümə günü Tovuz şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 19:30-da çalınacaq.
HƏBİB