
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra “Qarabağ” özünə bənzəmir.
Keçmişə baxanda, onlarla belə nümunə görmək mümkündür.
Əvvəla ona görə ki, oyunçuların hərəsi bir ölkəyə üz tutmaqla xeyli güc itirir. Digər tərəfdən, Qurban Qurbanov təxminən 10 günlük müddətdə tam heyətlə hazırlıq keçə, növbəti çempionat görüşünə hazırlaşa bilmir.
Bu dəfəki durum da eynidir. “Köhlən atlar”ın səkkiz üzvü Azərbaycan, iki nəfər Monteneqro, hıərəsinə bir nəfər olmaqla Kabo-Verde və Əlcəzair seçmələrinə dəvət olunub. Zədəli Abbas Hüseynov isə tam gücü ilə məşq edə bilmir.
Belə olduğu halda Qurbanovun sərəncamında cəmi on nəfər (hamısı legionerdir) qalıb ki, onlardan ikisi qapıçıdır:
Mateuş Koxalski, Fabian Buntiç, Mateus Silva, Kevin Medina, Aleksey Kaşuk, Abdullah Zubir, Leandro Andrade, Emmanuel Addai, Redon Cica, Kadi Borges.
“Qarabağ”ın baş məşqçi qarşıdakı matça məhz bu futbolçularla hazırlaşır. Milli üzvləri komandaya “Turan Tovuz”la görüşə iki gün qalmış qoşulacaq.
Çempion qərb təmsilçisi ilə cari mövsümdə keçirəcəyi dördüncü oyunda da qələbə qazana bilməsə, təəccüblənməyə gərək qalmayacaq.
Martın 28-də Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ