_2.jpg)
"Qarabağ" karyerasına avrokuboklarda qolları sıralamaqla uğurlu start verən Redon Cica bunun ardını gətirə bilmədi.
Artıq ikinci mövsümdür ehtiyat skamiyanın daimi sakininə çevrilib.
Ötən mövsüm 20 Premyer Liqa görüşündə cəmi 2 qolla yadda qalıb.
Bu sezon arxada qalan 27 turdan 13-də forvard forma şansı qazanıb.
Aktivində 3 qol var. Vurduğu qollar da "Araz Naxçıvan" (4:1), "Şamaxı" (3:0), "Sumqayıt" (5:0) üzərində darmadağınla qələbənin əldə olunduğu qarşılaşmalara təsadüf edir. Əhəmiyyətli qollar deyil.
Normalda ötən yay, ən geci bu qış fasiləsində 26 yaşlı legionerlə yollar ayrılmalı idi. Çünki "Qarabağ"ın tarixində Cica kimi klubun sisteminə uyğunlaşmaqda çətinlik çəkən Raydel Pupon, Nikolas Gelaşvili, Adama Diakabi kimi adlar qısa müddət sonra yola salınıb.
Amma Albaniya millisinin sabiq üzvü ilə bağlı vəziyyət fərqlidir.
Zaman-zaman ölkə xaricindən təklifləri olduğu da mətbuatda yazılır. Nə hikmətdisə Redon gedənə, "Qarabağ" da göndərənə oxşamır.
Görünür, durğunluq dövrünü yaşayan futbolçuların potensialını açmaqda usta olan Qurbanov hələ də onun parlayacağına ümid edir.
Təcrübəli mütəxəssisin güvənin arxasında "19 nömrə"nin intizamlı olması, bəzən həftələrlə ehtiyatda oturmasını təbii qəbul etməsi də az rol oynamır.
Sabiq "Tirana"lı hələ ki, 52 yaşlı çalışdırıcının ümidlərini puç etməklə məşğuldur.
XANOĞLAN / SPORTİNFO.AZ