
Türkiyə mətbuatı “Göztəpə”nin legioneri Entoni Dennis Azərbaycandan təklif alması barədə xəbər yayıb.
20 yaşlı nigeriyalı yarımmüdafiəçi Premyer Liqanın adı açıqlanmayan bir klubunun maraq dairəsinə düşdüyü bildirilib.
O cümlədən, gənc futbolçunun ölkəmizə köçmək ehtimalının az olduğu bildirilib. Çünki Dennisin daha böyük liqalardan təklifləri var.
Artıq Nigeriyanın əsas millisinə çağırılan orta sahə oyunçusu üçün Almaniyadan “Ştutqart” və İngiltərədən “Lids” təklif göndərməyi planlaşdırır.
Onun özü də mövsümün sonunda “böyük beşlik” ölkələrindən birinə yollanmağı hədəfləyir.
“Göztəpə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan dayaq yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
Entoni Dennisə maraq göstərən Azərbaycan klubunun adını dəqiqləşdirməyə çalışmışıq. Türkiyədən olan menecerlərin bildirdiyinə görə, afrikalı ilə “Qarabağ“ ilgilənib.
Ayyarım öncə Kadi Borgesin qayıdışı qarşılığında Julio Romaonı “Ferentsvaroş“a göndərən “köhlən atlar“ nigeriyalının ölkəmizə gəlmək perspektivini araşdırıb.
Onun gənc olması, hücumlara aktiv qoşulması, topsuz epizodlarda fəallığı Ağdam təmsilçisinin diqqətini çəkib.
Verilən məlumata görə, iki klub arasında danışıqlar hələ başlamayıb.
“Qarabağ“ aprelin sonundan etibarən bu transferi reallaşdırmaq yönündə ilk addımlar atmağı planlaşdırır. Azərbaycan çempionu həmin vaxtadək Dennisin çıxışını izləyəcək və barəsində daha çox informasiya toplamağa çalışacaq.
SPORTİNFO.AZ