
«Biz bütün komandalarımızı bir yerə yığmaq istəyirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.
Məlum olduğu kimi, klubla «Sərhədçi» İdman-Sağlamlıq Mərkəzi arasında yeni müqavilə imzalanıb.
Ağdam təmsilçisi sözügedən məkanı uzunmüddətli icarəyə götürüb. Tərəflər arasında razılaşmaya əsasən, kompleksin bazasında yer alan otel və meydança «köhlən atlar»ın ixtiyarına verilib.
«Qarabağ» həmçinin burada yeni süni qazon salacaq. Burada yalnız onların futbol akademiyasının komandaları məşq və oyun keçirəcək.
«Qarabağ» həmin müddətdə kompleksdə təmir və yenidənqurma işləri aparacaq. Bu, əslində, illərdir davam edən əməkdaşlığın növbəti mərhələsidir.
Ağdamlılar yaxınlarda «Sərhədçi»də mühüm iş görüb, meydanın sahəsini genişləndirib, süni ot örtüyünü yenisi ilə əvəzləyib.
A.Hacıyev söyləyib:
«Son olaraq 12 və 13 yaşlılardan ibarət komandalarımızı burada yerləşdirmişik. 8-11 yaş qrupları hələlik yenə «Tofiq Bəhramov»da məşq keçir.
«Sərhədçi» ilə demək olar hər məsələdə razılaşma əldə etmişik. Bəzi detallar qalıb ki, onların da həllini gözləyirik.
Ümidimiz var ki, yayadək, bir qədər də konkretləşdirsəm, yeni mövsümədək proses tamamilə başa çatacaq, akademiyanı tam şəkildə bura köçürəcəyik.
Bütün komandaları bir kompleksə yığmaq çox vacibdir. Çünki bütün yaş qruplarının üzərində ciddi nəzarət olmalıdır».