
Axır vaxtların oyunları göstərir ki, «Qarabağ»ın necəliyi kimdən asılıdır.
Qurban Qurbanov Premyer Liqada rotasiya etməyə öyrəncəlidir.
Aparıcı fiqurları az-az hallarda yormaq istəyir. Onlar çox vaxt ehtiyat skamyda istirahət edirlər.
Tovuzda da belə oldu. «Qarabağ» Abdullah Zubir, Leandro Andrade və Yassin Benziasız «11-lik»lə «Kəpəz»in önünə çıxdı.
Top «Qarabağ»ın ayağındaydı yenə. «Kəpəz»in müdafiə «çəmbər»ini daraltdılar. Meydanın onlara aid hissəsindən çox çıxmadılar.
«Yuvarlaq meşin»i ora-bura gəzdirdilər, mövqe hücumları üzərində işlədilər. Təhlükəli epizodlara da girdilər, amma sayı elə də çox olmadı - iki-üç kərə.
Elə «Kəpəz» də həmin saya yaxınlaşdı. İki-üç dəfə «Qarabağ»ın qapısına qol vurmağa cəhd etdilər.
Qurban Qurbanov Emmanuel Addadini hücumun mərkəzində sınadı. Qanalı üçün bu, yenilik idi, özü də çaş-baş qalmışdı.
Bilmirdi nə etsin. Cinahda görməyə alışdığımız afrikalı onun üçün yeni olan mövqedə 61 dəqiqə sıxıldı.
Böyük balığı gətirib akvariuma salarsan e, bax elə!
«Qarabağ» son yarım saatda həmin «Qarabağ» kimi oynamırdı artıq. Zubir, Benzia və Andradenin meydana daxil olmasıyla özünə döndü «Qarabağ».
İndi daha yaradıcı və sürətli idilər. Sonra Redon Cica da bu üçlüyə qoşuldu.
Yenə də çi fayda! «Kəpəz» müdafiə bloklarını düzgün qurmaqla, «Qarabağ»ın geniş zona əldə etməsini, boş mövqe tapmasını əngəllədi.
ELNUR