
Böyük ümidlərlə “Qarabağ”a cəlb olunan Emmanuel Addai hələ ki, əsas heyətdə özünə yer edə bilməyib.
Qanalı futbolçunun adı cari Premyer Liqa mövsümündə 26 oyunun 24-də protokola salınıb ki, bunların yalnız 12-də əsas heyətdə yer almaqla ümumilikdə 19 qarşılaşmada şans qazanıb.
Avrokuboklarda 1-i “11-lik”də olmaqla 8 oyunda 155 dəqiqə top dalınca qaçıbsa, ölkə kubokunda 3 matçın (1-i əsas heyətdə olmaqla) həyəcanını yaşayıb.
Əsas heyətə düşmək mübarizəsində Abdullah Zubirə uduzan Addainin Olavio Juninyonun gedişindən sonra hücumda yer alacağını düşünsək də, Qurban Qurbanov əsasən Nəriman Axundzadəyə güvənir.
Üzləşdiyi vəziyyət Emmanueli qətiyyən narahat etmir. O, Sportinfo.az-a verdiyi açıqlamada mövcud durumu anlayışla qəbul etdiyi bildirib:
“Qarabağ”da güclü rəqabətin olduğunu bilirəm. Buna baxmayaraq, bəzi oyunlarda əsas heyətdə yer alır, ümumi götürəndə daim şans qazanıram.
Əlbəttə, hər bir futbolçu daha çox oynamaq istəyir. Ancaq mən tələsmirəm, gözləyirəm. Hər şeyin öz zamanı. Vaxtı gələndə mən də çox oynayacağam”.
“Köhlən atlar”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər olan “11 nömrə” cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 30 oyunda vurduğu 3 qol və 1 məshuldar ötürmə ilə yadda qalıb.
HƏBİB