“Qarabağ”dakı əcnəbi: “Dərhal dalınca qaçdım ki, axmaq nəsə etməsin”

11 Mart 20:00 Qarabağ 1 467
“Qarabağ”dakı əcnəbi: “Dərhal dalınca qaçdım ki, axmaq nəsə etməsin”

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Sportinfo.az-a müsahibə verib.

Monteneqro millisinin də şərəfini qoruyan müdafiəçi “Araz-Naxçıvan” üzərindəki qələbə (3:1) haqda sualları cavablandırıb.

- Oyun öncədən təsəvvür etdiyiniz kimi keçdi?

- Matçdan əvvəl baş məşqçimiz də demişdi ki, “Araz-Naxçıvan”a qarşı diqqətli olmalıyıq, çox çətin oyun olacaq. Özünüz də gördünüz ki, rəqib futbolçular nə dərəcədə motivasiyalı idi. Pressinq edirdilər, taktiki baxımdan düzgün davranırdılar və ən əsası, bizə boş ərazi vermirdilər. İlk hissə tam istədiyimiz kimi alınmasa da, fasilədən sonra lazım olanları edib iki qol vurduq.

- Vurulan 4 qol, dava, göstərilən qırmızı vərəqə. İndidən kubokun yarımfinal qarşılaşmalarını necə təxmin edirsən?

- Bundan da çətin və gərgin olacağı sirr deyil. Futboldan gərginlik də olur, əsəb də. Ancaq rəqib futbolçunun ayağına vurmaq, onu zədələməyə cəhd etmək heç bir halda düzgün deyil. Özüm də aqressivliyi sevirəm, ancaq limiti aşmamağa çalışıram. Mübarizə, gərginlik, emosiya – bunlar normaldır, davanı qəbul etmirəm. Ümid edirəm ki, kubokda səliqəli oyunlar olacaq və finala adlayan tərəf olacağıq.

- Hakimin final fitindən dərhal sonra Musa Qurbanlı paltardəyişmə otağına tələsdi ki, sən də arxasınca yollandın. Səhv etmirəmsə, klubun işçilərini köməyə çağırırdın. Nə baş vermişdi?

- Emosiyaların nə olduğunu yaxşı bilirəm. Ona görə dərhal dalınca qaçdım ki, axmaq nəsə etməsin. Gəncdir, həmin an əsəbi idi deyə, artıq hərəkətə yol verməsini istəmirdim. “Araz-Naxçıvan”ın futbolçusu onu itələdiyinə görə hirslənmişdi. Əsas odur pis heç nə yaşanmadı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti