
“Qarabağ” Premyer Liqada növbəti oyunu qələbə ilə başa vurdu.
“Araz-Naxçıvan”la üz-üzə gələn ağdamlılar gərgin keçən görüşdə qələbəyə sevindi.
Lakin bu dəfəki oyun insidentsiz ötüşmədi. Matçın sonlarına yaxın Yassin Benzia ilə Felipe Santos arasındakı münaqişəyə Karlos Jatoba da qoşulunca, mübahisə kütləvi davaya çevrildi.
Nəticədə Kamal Umudlu Felipeni meydandan qovdu, dörd nəfəri sarı vərəqə ilə cəzalandırdı.
Hadisənin əsas səbəbkarlarından olan Jatoba insidentlə bağlı Sportinfo.az-a açıqlama verərək olaya aydınlıq gətirdi:
“Qalmaqala onların “7 nömrə”si (Benzia) səbəb oldu. Felipe yerdə qalanda, o, yıxılan komanda yoldaşımın üstünə qışqırdı.
O an niyyətim qalmaqal yaratmaq, dava etmək yox, Felipeni müdafiə etmək idi. Çünki “Qarabağ”ın futbolçusunun o cür davranışı düzgün deyildi.
Mən onun üstünə gedib “nə edirsən, nə etmək istəyirsən” deyəndə, digər futbolçular da toplaşdı və insident yarandı. Videogörüntülərdə baxa bilərsiniz, hər şey aydın görünür”.
Karlosun diqqətinə oyunboyu Benzia ilə Santosun arasındakı gərginliyi çatdıranda, cavabı belə oldu:
“Futbolda belə hallar olur. Xüsusən də iki iddialı komanda üz-üzə gələndə belə hadisələr qaçılmazdır. Burada söhbət Felipedən, yaxud Benziadan getmir. Gərginliyin olması normaldır. Ancaq bu yerlərə çatdırmaq düzgün deyil”.
Oyunda hesabı “Araz-Naxçıvan” açsa da, qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
HƏBİB