
“Qarabağ”ın Avropa Liqasında uğursuz çıxışını çox qabartmaq olmaz”.
Sportinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ağdam təmsilçisinin haitili sabiq müdafiəçisi Donald Gerye deyib.
O bildirib ki, “Mançester Siti” kimi məşhur klub da uğursuz mövsüm keçirir:
“Bu cür hallar futbolda nadir hallarda yaşanır. Bəlkə də İngiltərə təmsilçisinin daxilində hər hansı problem var.
Bunu kənardan bilmək olmaz. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu yaxşı tanıyıram və bilirəm ki, o, komandada olan çatışmazlıqları aradan qaldıracaq.
Dediyim kimi, dünya futbolunda istənilən kollektiv eniş yaşaya bilər. Normal haldır. Amma bu, futbolçuların bacarıqsız olması anlamına gəlmir.
Bəzən xırda detallar çaşqınlıq yaradır. Məsələn, zədələr bir nömrəli problemdir. Çünki əsas oyunçu sıradan çıxdıqdan sonra məşqçi heyəti də çətin vəziyyətə düşür.
Komanda bəzi görüşlərdə bəxtsizlik də yaşadı. İnanıram ki, növbəti mövsüm “Qarabağ” yenidən Azərbaycanı Avropada layiqincə təmsil edəcək”.
Donald Gerye 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”da çıxış edib.