
Bolqarıstanın yüksək liqa təmsilçisi "Beroe"nin mərkəz hücumçusu Leandro Qodoyun "Qarabağ"ın gündəmində olması barədə yaydığımız xəbər, yəqin ki, yadınızdadır.
Yanvarın 22-də paylaşdığımız məlumatda bildirmişdik ki, Ağdam klubu argentinalı forvardı transfer etmək istəyindədir
(https://www.sportinfo.az/idman_xeberleri/qarabag/212743.html).
Üstündən 1 ay keçəndən sonra - məhz indi Bolqarıstan mediası saytımızın informasiyasını paylaşıb.
Qeyd etmişdik ki, "köhlən atlar" 24 yaşlı cənubi amerikalı ilə yaxından maraqlansa da, tələb olunan təzminat üzündən iddiasından geri çəkilib.
"Maç Teleqraf" nəşri Qodoyla bağlı dərc etdiyi məqalədə bunun səbəblərinə toxunub:
"İndi Leandro Qodoyun bu mövsümün sonuna qədər klubunda qalmasının səbəbi bəlli olur. "Beroe"nin sahibi Ernan Banato futbolçu üçün çox yüksək məbləğ tələb edib - 2 milyon avro.
O, qiyməti cəmi 100 min avro azaltmağa razı idi. Bu isə 24 yaşlı hücumçunu almaq istəyən əksər bir çox klubun fikrinin dəyişməsinə səbəb oldu.
Qodoyun adı “Qarabağ” və Moskva “Lokomotiv”i kimi ciddi komandalarla hallanırdı. Avropa klublarının isə argentinalı üçün yarışmamasının səbəbi onun həm də Avropa pasportunun olmamasıdır”.
Qodoy bu mövsüm komandası ilə 19 rəsmi oyun keçirib, 12 qol vurub. Onun 2027-ci ilin yayına qədər müqaviləsi var.
Ernan Banato adıçəkilən qolçunun potensial satışı ilə bağlı fikirlərini bölüşüb. Rusiya mətbuatına danışan klub prezidenti onun üçün tələb etdikləri transfer məbləğini də açıqlayıb:
"Biz transfer bazarındayıq və Qodoyla maraqlanan bir neçə klub var. Lakin bu, hər bir klubun özündən asılı olacaq.
Onun transfer qiyməti 2,5 milyon avrodur və hansı klub istəyərsə, Leandronun xidmətindən bu cür istifadə edə biləcək".
Bolqarıstan mətbuatı Qodoyun satınalma məbləğinin 1 milyon avro olduğunu yazmışdı. Argentinalıya “Lokomotiv”lə yanaşı, Sofiya ÇSKA-sı, İsveç klubları və Birləşmiş Ərəb Əmirliklərindən “Şarja” da maraq göstərir.
O, "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.
Argentinalının Avropa pasportu olmadığından, Aİ-yə üzv ölkələrdən birinə yollanması hələlik müşkül məsələdir.
Olavio Juninyonu 5 milyon avro qarşılığında “Flamenqo“ya satan “Qarabağ“ın hələ Qodoydan tamamilə əlini üzdüyünü söyləmək də olmaz.
Hazırda bütün danışıqlar dondurulsa da. Azərbaycan çempionunun rəhbərliyi ümid edir ki, “Beroe“ yayda qiymət məsələsində onlara güzəştə gedəcək.
Təzminatın məbləğini, heç olmasa, 500 min avro aşağı salacaqlarını gözləyirlər.
Ona görə də görüşmələrin bərpasını mövsümün sonuna saxlayıblar. Cənubi amerikalının özü də ölkəmizə gəlməyə etinasız yanaşmır.
Çünki o, Çempionlar Liqasında, ümumiyyətlə, avrokuboklarda özünü göstərmək iddiasındadır.
SPORTİNFO.AZ