
Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, Premyer Liqanın 24-cü turu çərmivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşması baş tutdu - 1:1.
Şənbə günü oyunu izləməyə gələnlərin sayı çox olmasa da, əsl futbolsevərlər tribunalardakı yerini tutmuşdu.
O cümlədən, azyaşlı “Qarabağ” fanatları.
Oyun başa çatandan sonra ənənəyə sadiq qalan həmin yeniyetmələr giriş-çıxış qapılarının önündə keşik çəkir, futbolçuların şəxsi avtomobilləri ilə stadionu tərk etməsini gözləyirdi.
Bəzi futbolçular cəld tərpənməyə imkan tapsa da, Mateus Koxalski “tilova düşdü”. Uşaqların maşının qarşısını kəsdiyini görən polşalı öncə əyləci basmağa, ardınca şüşəni açmağa məcbur oldu.
Biri forma istəyirdi, digəri imza. Bir başqası şəkil çəkdirmək həvəsindəydi. Koxalski də sağ olsun, “tələsirəm” demədən təxminən 10 dəqiqə müddətində başına toplaşanların istək və xahişini yerinə yetirdi.
O gözəl mənzərəni telefonun yaddaşına köçürmək isə həqiqətən xoş idi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN