
Kevin Medina öyrəşib, artıq neçənci dəfədir qırmızı vərəqə alır.
Qarşısında gördüyü «sarı»ların sayını özü də itirib, biz də.
Qurban Qurbanovun neçə köməkçisi var, onlardan biri o kartların hesabatını aparır. Yəqin ki, baş məşqçi rəqəmləri gözdən keçirib və tezliklə adekvat tədbirlər görəcək.
Kevin Medina az qala Ağadadaş Salyanskini şikəst edəcəkdi. İlahi, nə qədər daşqəlbli olasan ki, oğlun yaşındakı oyunçunun ayağına o cür zərbə endirəsən.
Bunu edənin ləqəbini «Tank» yox, «Vəhşi» qoymaq lazımdır.
«Qarabağ»da nizam-intizamın səviyyəsi düşüb. Medinanın son hərəkətini görəndə, istər-istəməz başa düşürsən ki, bu komanda avrokubokların son mövsümündə niyə uğursuz çıxış etdi.
Əksər futbolçuların performansındakı eniş fərdi məsuliyyət hissinin azalmasıyla əlaqədardır. Hərə bir cür medinalıq edir.
Kimi ayağını topdan çəkməklə, kimi gücünü qorumaqla, kimi qol epizodlarını boşa verməklə, kimi…
«Qarabağ» belələrindən təmizlənməlidir.
Düzdür, Marko Yankoviç son dəqiqələrdə penaltini qola çevirməklə derbini komandasına qazandırdı. Amma mən Qurban Qurbanovun monteneqrolu yarımmüdafiəçini də cəzalandırmasını, cəzalandırmasa da, ona xəbərdarlıq etməsini istəyirəm.
70 dəqiqədə azlıqda mübarizə aparırsan, final fitinə az qalıb, əlinə belə fürsət düşüb, sən penalti nöqtəsinə yaxınlaşırsan və birdən fikirləşirsən ki, bəlkə «panenka» vuruşu edim və edirsən.
Bu dəfə alındı, zərbə qol oldu, amma həmişə qol olacaq deyə bir zəmanət yoxdur.
Bu düşüncənin yiyəsi bir gün «Qarabağ»a elə bir zərbə vuracaq ki…
KAMİL