
“Qarabağ”la vidalaşaraq vətəni Braziliyaya dönən Riçard Almeyda ağdamlılardan ötürmə dəqiqliyinə görə Premyer Liqanın ən yaxşısı kimi ayrılıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi cari mövsüm Azərbaycan çempionatında 7 oyunda meydanda olduğu 420 dəqiqədə 318 ötürmə verib və onun 299-u dəqiq olub. Bu, 94,03 faiz dəqiqlik deməkdir.
Almeydanın bu göstəricisi cari çempionatda ən yüksəkdir. Riçard artıq çempionatda oynamadığından onun bu göstəricisi dəyişməyəcək. İndi digər sərrast futbolçular ötürmələrini daha dəqiq edərək, braziliyalını ötməyə çalışa bilərlər.
Ötürmələrin dəqiqlik faizinə görə Almeydanın ən yaxın izləyiciləri çempionatda cəmi 1 oyun keçirərək 16 ötürmədən yalnız 1-də sərrast olmayan Nicat Məmmədzadə (“Səbail”) və Sadiq Məmmədzadədir (“Neftçi”). Bu futbolçular 93,75 faiz ötürmədə uğurlu olublar.
Əsas heyət oyunçularından Kevin Medina 92,89 faiz göstəriciyə malikdir. “Qarabağ”ın müdafiəçisinin 12 oyunda 689 ötürməsindən 640-ı dəqiq olub.
Uzun ötürmələrdə isə Almeyda yalnız 17-ci göstəriciyə malikdir – 77,78 faiz. Doğrudur, ön sıralarda olanlar əsasən az oyun keçirənlər və az sayda uzun ötürmələri olanlardır.
Riçardın 21 belə ötürməsi sərrast olub. 20-dən artıq dəqiq ötürmələri olanlar sırasında 3-cü olan Almeyda artıq öz keçmiş komanda yoldaşlarından geri qalır.
Emmanuel Addai 80,49 faiz (33 dəqiq uzun ötürmə), Abdullah Zubir 80 faiz (24) nəticə göstəriblər (idman.biz).