
"Qarabağ" Premyer Liqanın 23-cü turunda əzəli rəqibi "Neftçi"ni növbəti dəfə məğlub etdi - 1:0.
"Köhlən atlar" sonuncu dəfə derbidə 4 il əvvəl məğlub olub.
Həmin məğlubiyyət Ağdam təmsilçisinin həm də çempionluq titulunu itirməsi ilə nəticələnmişdi.
Qurban Qurbanovun komandası sanki 4 ildi həmin uğursuz gecənin qisasını almaqla məşğuldur.
Bunu biz yox, statistika deyir.
Tərəflərin ondan sonrakı 17 duelindən yalnız biri bərabərliklə başa çatıb.
"Neftçi"nin məğlubiyyəti ilə bitən digər 16 görüşdən nə az, nə çox 9-u darmadağınla bitib.
Həmin qarşılaşmalardan dördü 4:0, biri isə 5:0-la başa çatıb. 17 görüşdə bakılıların vurduğu 9 qola 53 qolla qarşılıq verilib.
Son 10 görüşdən hamısında "Qarabağ" 3 xala sevinib. Son 10 matçda 33 qol vuran ağdamlılar öz qapısında cəmi 4 qol görüb.
"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı hegemonluğu 2013-cü ildə başlayıb.
Amma Qurban Qurbanovun kollektivi 2013-cü ildən 2021-ci ilin 19 mayına kimi olan 8 illik dövrdə "Neftçi"yə qarşı heç vaxt indiki kimi amansız olmayıb.
Bu müddətdə 31 dəfə üz-üzə gəliblər.
"Qarabağ" ən yaxşı halda ardıcıl 3 oyunda qələbə qazana bilib.
Cəmi 3 qarşılaşmada "Qarabağ"ın böyükhesablı qələbəsi qeydə alınıb.
52 qol vuran komanda qapısında 26 qol görüb.
XANOĞLAN / SPORTİNFO.AZ