
Olavio Juninyonun gedişindən şok keçirən «Qarabağ» tərəfdarı bunun təsirindən ayılmamış Julio Romaonun ayrılıq xəbərini aldı.
Belə bir vaxtda Kadi Borgesin dönüşü gerçəkləşdi, çöhrələr dəyişdi, narazılığın yerini nikbinlik tutdu.
O da ki, 2 ildən sonra qayıtdığı komandaya ilk oyununda qol sevinci yaşatdı. Bu qolların ardı gələcək.
Kadi artıq doğma evindədir. Pula görə 2023-cü ilin dekabrında Azərbaycanı tərk etmiş, Rusiyaya, oradan da Macarıstana yollanmış braziliyalı vinger «Qarabağ»a artıq bişmiş futbolçu kimi qayıdıb.
Yaşadığı təcrübə onlara çox şey öyrədib. İlk növbədə pulun arxasınca qaçmamağı.
Qalanlarını isə yenə Qurban Qurbanov öyrədəcək. Hər iki tərəfdə buna inam olmasaydı, 4 illik müqavilə imzalanmazdı.
Kadili «Qarabağ» indən sonra maraqlı olacaq. Bu, Qurbanovun əvvəlki «Qarabağ»ı təkrar vitrinə daşımaq yolunda atdığı ilk ciddi həmlədir.
Kadinin dönüşü ilə Leandro Andradenin performansındakı yüksəlişin eyni vaxtla üst-üstə düşməsi də boş-boşuna deyil.
Andrade başa düşüb ki, əsas heyətdəki yerini qorumaq üçün artıq daha çox çalışmalı, gərgin əmək sərf etməlidir.
«Səbail»lə matçda dubla imza atıb, bir penalti qazanan Leandro kimi, digərləri də qəflət yuxusundan ayılacaq tədricən.
Fərqinə varıblar - islahatlar Kadi ilə başlayıbsa, arxası daha möhkəm gələcək.
ELNUR