Kadi Borges axtardığını "Qarabağ"da tapdı

20:40 Qarabağ 478
Kadi Borges axtardığını "Qarabağ"da tapdı

"Qarabağ"da irihesablı qələbə həsrəti "Səbail"lə görüşdə sona çatdı - 5:0.

Yeni ilə ardıcıl məğlubiyyətlərlə başlayan "ağdamlılar"ın aktivində olan iki qələbə də minimalhesablı idi.

Nəticə asan 3 xaldan xəbər verir.

Amma tablodakı hesab meydandakı mübarizəni özündə əks etdirdiyini qəti sürətdə demək olmaz.

75 dəqiqə "dənizçilər" layiqli mübarizə ilə yadda qaldı. "Köhlən atlar"da isə əvvəlki matçlardan fərqli ciddi nəsə sezilmirdi. Alışdığımız sürəti Qurbanovun kollektivində görə bilmirdik. Bayıl təmsilçisinin qapısında təzyiq yaratmaq, aramsız hücumlar qurmaqdan söhbət gedə bilməzdi.

Alışdığımız "Qarabağ"ı yalnız Kadi Borges meydana daxil olandan sonra gördük.

Düzdü, ona kimi öncə Benzia penaldan, Andrade isə uzaqdan baxımlı zərbə ilə fərqi ikiyə çatdırmışdı.

Amma braziliya vingerin gətirdiyi dinamika başqa idi. Öncə meydanın "Qarabağ"a aid hissəsindən 1 ötürmə ilə Andradeni qapıçı ilə duelə yolladı.

Ardınca yenə meydanın dərinliyindən sürətli, kəsərli ötürmələrlə topu hücuma daşıdı, davamında isə nöqtəni qoydu. Ümumiyyətlə "9 nömrə" özünü suda balıq kimi hiss edirdi.

Əvvəlki qeydlərimizdə də demişdik ki, Romao "Qarabağ" üçün vacib fiqur idi. Amma bugünkü eniş dövründə "Qarabağ"a ondan da vacibi ön xəttə sürət, dinamika, məhsuldarlıq qata biləcək ad lazımdır.

Qurbanov çıxış yolunu sabiq üzvündə gördü.

O da ilk dəqiqədəncə təcrübəli mütəxəssisin üzünü ağ etməyi bacardı.

Nə Rusiya, nə də Macarıstanda gördüyü böyük pullar bir çox həmyerliləri kimi onun başını gicəlləndirməyib. Hələ də futbol sevgisi ən üst səviyyədə qalır. Oynamaq üçün ac olduğu qabarıq görünür. Axtardığı azad meydan idi, onu da "Qarabağ"da yenidən tapdı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti