![“Qarabağ”dan ayrılmasının səbəbini dedi: "Həyat yoldaşımla düşündük, qərara gəldik ki…”](https://www.sportinfo.az/media/2025/02/12/showpic_el100_n.jpg)
"Gedişim ani olmadı, neçə vaxtdır bu barədə düşünürdüm.
Bəzən elə anlar gəlir ki, qərar verməli olursan.
Hamı "Qarabağ"a, Qurban müəllimə olan sevgimi bilir".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda jurnalistlərə açıqlamasında deyib.
35 yaşlı yarımmüdafiəçi bildirib ki, karyerasının son dövrünü vətənində keçirmək istəyir:
"Həyat yoldaşımla düşündük, qərara gəldik ki, Braziliyaya qayıdaq. Artıq həyatda yeni səhifə açmaq lazımdır.
Braziliyada cəmi 4 oyun keçirmişəm. Daha sonra uzun müddət Portuqaliyada, Azərbaycanda çıxış etmişəm.
Qərar qəbul etdim ki, öz vətənimdə də futbolun dadına baxım. Kim bilir, bəlkə bir gün məşqçi kimi Azərbaycana qayıtdım".
Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib.
O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
"Qarabağ" Riçard Almeydaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.