COP29

“Qarabağ”dan gedənlər bir-bir qayıdır - O, 8-ci futbolçu oldu

20:00 Qarabağ 825
“Qarabağ”dan gedənlər bir-bir qayıdır - O, 8-ci futbolçu oldu

Kadi Borges “Qarabağ”ı tərk edib, yenidən bura qayıdan növbəti futbolçu oldu.

2021-ci ilin yayından 2022-ci ilin dekabrına qədər “köhlən atlar”ın braziliyalı yarımmüdafiəçisi 2023-ün yanvarında Rusiya “Krasnodar”ına satılmış, cari mövsümün ilk yarısını Macarıstan “Ferenetsvaroş”unda keçirmişdi.

Borges dönüşü ilə bu taleyi yaşamış digər həmkarlını yada saldı. Hansılar ki, böyük ümidlərlə başqa ölkələrə üz tutub, 1-2 ildən sonra “Qarabağ”a qayıtmışdılar.

Siyahının başında təbii ki, Reynaldo dayanır.

Ağdamlıların heyətində keçirdiyi 3 məhtəşəm mövsümün ardınca “Adanaspor”un təklifi qəbul edən braziliyalının Türkiyə karyerası uğurlu alınmamışdı. Bəxtini Qazaxıstanda sınamaq qərarına gəlmişdi ki, “Aktobe”də 7 qol vurduğu mövsümün yekununda 2 ildən sonra “Qarabağ”a qayıtmışdı.

Muarem Muarem – o da Reynaldo kimi Türkiyə Super Liqasının həyəcanını hiss etmək arzusu ilə qardaş ölkəyə yollanmışdı.

“Əskişəhərspor”la bağladığı müqavilə ona cəmi 1 oyunda forma şansı qazandırınca, makedoniyalı futbolçu suyu süzülə-süzülə Azərbaycana dönmüşdü.

Vaxtilə İsveçrə millisinin şərəfini qorumuş İnnosent Emeqaranın adı da bu siyahıdadır. 2014-15 mövsümünün ilk yarısını Azərbaycanda keçirəndən sonra ABŞ-a yollanmaq həvəsinə düşmüş, bir müddət orada oynayandan sonra karyerasını Kiprdə davam etdirmiş və 3 ildən sonra yenidən “Qarabağ”ın formasını geyinməyə razılıq vermişdi.

Riçard Almeyda karyerasının zirvəsində olduğu dönəmdə, özünün də etiraf etdiyi kimi, pul dalınca Qazaxıstana qaçmışdı.

“Astana”da işləri istədiyi kimi getməmişdi deyə, Xəzərin sahilini isti Ərəb Əmirliklərinə dəyişib, “Baniyas”ın şərəfini qorumuşdu. Lakin burada da “Qarabağ”dakı mühiti görməyib yenidən Azərbaycana – “Zirə”yə, sonra yenidən “Qarabağ”a qayıtmışdı.

“Qarabağ” azarkeşlərinin yadında ərköyün futbolçu kimi qalan Vild-Donald Gerye 2019-cu ildə daha çox pul qazanmaq arzusunun güdazına getmişdi.

Ağdam təmsilçisini tərk edəndən sonra işsiz qalmaq təhlükəsi ilə məcbur “Neftçi”ylə anlaşmış, 2020-nin yayında yenidən Qurban Qurbanovun sərəncamına qayıtmışdı.

2020-2022-ci illər aralığında “köhlən atlar”ın heyətində göstərdiyi əla performans sayəsində Patrik Andradenin “elçilər”i qapıda dayanmışdı.

Götür-qoy edəndən sonra Serbiyaya getmiş, “Partizan”la anlaşmışdı. Burada keçirdiyi 1 il ərzində özünü “suda balıq” kimi hiss etmədiyindən, “Qarabağ”a qayıtmağa razılıq vermişdi.

Və bu qatarın sonuncu sərnişini – Şahruddin Məhəmmədəliyev. 2023-cü ilin yayında “Adana Demirspor”la anlaşma əldə etmiş, Mario Balotelli, Luis Nani kimi dünya ulduzları ilə komanda yoldaşı olmuşdu.

Mövsüm ərzində 25 oyuna çıxmasına baxmayaraq, klubda yaşanan maliyyə böhranına görə 1 ildən sonra “Qarabağ”ın qapısını döymüşdü.

Beləliklə, Kadi Borges başqa ölkədə oynamaq sevdası ilə “köhlən atlar”ı tərk edib, yenidən bura qayıdan sayca səkkizinci futbolçu oldu.

“Qarabağ”lıların getdikləri ünvanlarda Azərbaycandakı qədər uğurlu ola bilməmələrinin səbəbi hər kəsə məlumdur – orta səviyyəli futbolçulardır deyə, əsasən komanda oyunu sayəsində diqqət çəkməyi bacarırlar.

Görək, Olavio Juninyonun Bakıya dönüşü hansı tarixdə reallaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti