“Qarabağ” futbol klubunu ittiham etmək indiki durumda çox asandır.
Çün neqativ yanaşma resurs tələb etmir, əksinə, bədəndən enerji çıxarır, insanı aldadıcı formatda rahatlaşdırır, saxta özgüvənə qapdırır və sən (ifadəmə görə üzr istəyirəm) başından yekə məsləhətlər,
tövsiyyələr, istiqamətlər verərkən elə zənn edirsən, hamıdan ağıllısan və kənardan gözəl görünürsən.
Hərgah, elə deyil. Və niyə elə deyil? Ona görə ki, ittiham edərkən, məsləhət verərkən öncə qarşındakının masştabına baxmalısan.
Baxmalı və paralel olaraq düşünməlisən ki, bu dediklərim kimə və hara ünvanlanıb!
“Qarabağ” həmin Qarabağdır ki, yoxdan var yaradıb, böyük bir təməl qoyub, ənənə formalaşdırıb və ən əsası: bizi futbol adına illər, hətta on illər sonra sevinc göz yaşlarına qərq etməyi bacarıb.
Həm də, minimum imkanlarla!
“Bayer Leverkuzen”lə ən az 30 dəfə büdcə fərqi olan “Qarabağ” meydanda əzmkar mübarizə apararkən kimsə onu ittiham etmirdi. (Nəzərə çatdırım ki, alman klubunun elə oyunçusu var, bizim 11 nəfərlik heyətin ümumi qiymətindən 2 dəfə bahadır) Fəqət, ani bir uğursuzluq doğma klubu və öz müdhiş zəkası hesabına zirvələri fəth edən Qurban Qurbanovu dərhal hədəfə gətirdi.
Hələ bəzi “ağıllı” şərhləri də oxuyuram.... “Orta xəttdə 2, hücumda 1, müdafiədə 1 transferə ehtiyac var” Heyhat! Sizcə Qurbanov həmin cəbhələrdə boşluq varsa, onu görmürmü, bilmirmi? Siz kimə məsləhət verirsiz? Bu sahənin bir nömrəli “AS”ınamı?
Deyir, Kadi ilə Juninyonu satmaq yanlış qərar olub. Gərək imkan verməyəydilər.
A kişi, oyunçu getmək istəyir, klub da onu normal şərtlərlə satır və büdcəyə pul gətirir. Neyləsin Qurban Qurbanov? Sədd çəksin? Qılınc qaldırsın? Qurban Qurbanov alıb-satan deyil e, məşqçidir, oyun qurandır, sistem formalaşdırandır. O da eynən futbolçular kimi maaş alır və klub rəhbərliyinin qərarına tabedir.
Satış demişkən. Elə indicə haqqında danışdığım “Bayer”in idman direktoru Fernando Karro bir həftə öncə açıqlama verib ki, büdcədəki problemlər səbəbindən gərək 1-2 oyunçunu sataq.
Və...biz də burdan deyirik ki, “Qarabağ” niyə futbolçu satır, hə?!
Belə də ki, kimi ittiham edirik, ya da edə bilərik? Hansı Azərbaycanəsilli iş adamı indiyə qədər ortalığa çıxdı və doğma kluba sponsorluq təklif etdi? Kim dedi ki, məsələn, tutaq lap daimi sponsorluq olmasın, qıraqdan-qırağa, uzaqdan-uzağa 1 oyunçunun transferi mənlikdir?
***
Dünən Qurbanovun son olaylarla (məğlubiyyətlərlə) bağlı video-şərhini izlədim və dəmir iradəsi olan bu adamı ilk dəfə bitkin, yorğun, həvəssiz gördüm.
Onu da qaçırdaq getsin. Sonra? Ağ günəmi çıxacayıq?
Yox, mənim əzizlərim. İnanın ki, yox...
“Qarabağ” da, Qurban Qurbanov da, onun biri-birindən istedadlı oyunçuları da qəhrəman olduqlarını məhz indi hiss etməlidirlər. Ən lazımlı, ən gərəkli məqamda!
Bir anlıq yadınıza salın, gecə saat 2-də şəhər boyunca bayrağa sarılıb şütüməyimizi, monitoru qucaqlayıb öpməyimizi, səfərdə 50 min, 70 min rəqib azarkeşin qarşısında qazanılan qələbələri, evdəydiksə evdə, kafedəydiksə kafedə dövrə vurub qaçmağımızı, Vadjinin, Nərimanın nəfəs kəsən qollarını...
Yadınıza salın və unutmayın: Hazırda ittiham etdikləriniz həmin igidlərdir!
Üzərinə getdikləriniz həmin KİŞİ oğlu KİŞİLƏRDİR!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri