COP29

“Qarabağ” yerli futbolçularla Biləcəridən o tərəfə keçə bilməz”

1 Fevral 21:20 Qarabağ 345
“Qarabağ” yerli futbolçularla Biləcəridən o tərəfə keçə bilməz”

“Qarabağ” bu mövsüm bütün futbol ictimaiyyətini narahat edib.

Belə ki, illərdir ölkəmizi Avropada uğurla təmsil eləyən komanda bu dəfə uğursuz nəticələrə imza atdı.

Ağdam təmsilçisi Avropa Liqasında Liqa mərhələsinin ilk dəfə tətbiq olunduğu sezonda böyükhesablı məğlubiyyətlərlə yadda qaldı.

Üstəlik, hər oyun futbolçular arasında anlaşmanın olmaması və taktiki gedişlərin də yetərsiz qalması xüsusi diqqət çəkirdi.

Bundan başqa, həddindən artıq zəif heyətin qurulması da “Qarabağ”ın yetırsiz çıxışına səbəb oldu. Beləliklə, “Qarabağ” 36 komanda arasında 36-cı olaraq, fiaskoya imza atdı.

Bəs “Qarabağ”ın Avropada bu qədər bərbad çıxış etməsinə səbəb nədir?

“Sportinfo TV”nin aparıcı-eskperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebheinfo.az”a açıqlamasında bildirib ki, bu mövsüm hər kəs “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyini gözləyirdi:

“Çünki Ağdam təmsilçisi çox böyük uğurlara imza atmışdı. Lakin “Qarabağ” pley-off mərhələsində “Dinamo Zaqreb”i keçə bilməyərək, Avropa Liqasına düşdü.

Komandamıza Avropada uğur qazanmaq üçün ən azı 3 mövqe üzrə alternativ futbolçular lazım idi. Təəssüf ki, bu transferlər həyata keçirilmədi.

Nəticə etibarilə “Qarabağ” bu mövsüm çox uğursuz çıxış etdi. Lakin ümid edirdik ki, “Olimpiakos”la son matçda ən azı 1 xal qazanar və turnir cədvəlində sonuncu sırada yer almaz.

Futbolçular və məşqçilər korpusunda tükənmişlik hiss olunurdu. Onlara inamsızlıq ən yüksək səviyyədə idi. Hətta komanda ruhu da istənilən səviyyədə deyildi.

“Qarabağ” topu daha çox mərkəzdə saxlamağa çalışdı, amma hücum fazasında oyunçu keyfiyyətinin aşağı olması istənilən nəticəni əldə etməyə imkan vermədi.

Ümumiyyətlə, “Qarabağ” mental, fiziki və düşüncə olaraq bu turnirə hazır deyildi.

Düşünürəm ki, komanda yenidən qurulmalıdır. Çünki bu heyət artıq tükənib”.

Ekspert qeyd edib ki, yerli futbolçularımız istənilən səviyyənin çox gerisində qalıblar:

“Nə vaxta qədər Zubirin lazımsız top saxlamalarına baxacağıq? Azərbaycan futbol azarkeşi nə üçün Musa Qurbanlı və Nəriman Axundzadəyə ümid bağlamalıdır?

Əgər Yunanıstandakı matçda Juninyo olsaydı, epizodların ən azı ikisini qola çevirə bilərdi. Ona görə də legioner limitinin sərbəst olmasının tərəfdarıyam.

Yerli futbolçularla Biləcəridən o tərəfə keçə bilmərik. Bu, özünü bir daha göstərdi.

Futbolçularımız bir müddət inkişaf edirlər, sonra yarımçıq qalır. Yəni onlarda natamamlıq var.

Legioner limitinin sərbəst olması bu futbolçularımızı da bir az özünə gətirər”.

Elçin Cəfərov futbolumzudakı mövcud problemlərə görə AFFA-nı günahlandırıb:

“Problem illərdir Azərbaycan futbolunu böyrü üstə qoyan, məhv edən AFFA rəhbərliyinin üzərinə düşür. Onlar bu uğursuzluqlara görə məsuliyyət daşıyırlar.

İllərdir Azərbaycan futbolunu elə bir vəziyyətə salıblar ki, inkişafın qol-qanadını qırıblar. Hətta yerli futbolçular akademiyalarda natamam yetişdilər.

Əslində, akademiyaları dağıdıb yerinə yaşayış kompleksi tikəndə, futbolumuzun gələcəyi və yerli futbolçuların inkişafı naminə nələrsə tələb edə bilmərik.

Qurban Qurbanov yerli futbolçulara şans verməyə çalışdı, lakin yerli futbolçularla istənilən nəticəni qazanmağın mümkün olmayacağı göründü”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 17:50 Çək və bizə göndər!
1 Fevral 11:20 Marketinqiniz üçün...