«Qarabağ» bu sezon olduğu qədər qol epizodı yaratmamışdı avrokuboklarda.
İnanmayan ötən illərin statistik qovluğunu qaldırıb baxsın.
Demək olar hər matçda 3-4 fürsət əldə edib və boşa veriblər. Biz hələ ən aşağı göstəricini deyirik a…
Elə qarşılaşmalar yadımızdadır, 6-7 imkan heç nədən «xərclənib». Mütləq ki, bunun bir tutarlı səbəbi var.
Şübhəsiz, Qurban Qurbanov olanları yerli-yataqlı araşdıracaq, ona müvafiq addımlar atacaq. İllərin təcrübəsi, yaşananları başında bir qara tük saxlamayıb, saçı bəmbəyaz olub.
O qapqarı saçı boş yerə ağartmayıb ki…
Hamısı fikirdəndir, məsuliyyətdəndir. Yüklənməyə dəyməz Qurban Qurbanova. Baş məşqçi kimi üzərinə düşən işi yenə artıqlamasıyla gördü.
Futbolçuların individual səhvləri şkala məsələsidir. Keyfiyyət çatmadı. Onları qarabaqara izləyən şansızlıq güclərini də aldı.
Özünəinam hissinin axırına çıxdı, uğursuzluq zolağını tərk etmək həvəslərini beşikdə boğdu.
Odey, «Mançester Siti». Pep Qvardiola kimi dünyanın bir nömrəsi sayılan məşqçi əlindəki o cür heyətlə, o cür ulduzlarla əsir-yesir qalıb onun-bunun əlində.
Futbol amansızdır. İki üzü var. İstəklərini, planlarını həmişə yerinə yetirəcək deyə bir vədi yoxdur onun.
Bəzən sərt üzünü göstərir, qalırsan cızdağın çıxa-çıxa, için yan-yana. Nəticə üçün hər şey edirsən, heç nə alınmır, gətirmir.
«Qarabağ» da bu mövsüm Avropada tərs üzünə düşdü futbolun.
MUSA