“Qarabağ” bu gecə növbəti sınaq qarşısındadır.
Bu dəfə rəqib kifayət qədər güclüdür, matç isə səfərdədir.
Ötən mövsüm Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub edərək tarixində ilk dəfə avrokubok titulunu qazanan yunanlar bu dəfə üst pillədə yer alan Avropa Liqasının kubokunu başı üzərinə qaldırmaqda iddialıdır.
Rəqibin iddiasını görmək üçün cari avrokubok mövsümündəki çıxışına nəzər yetirmək bəs edir. Mübarizəyə birbaşa Liqa mərhələsindən qoşulan “ağ-qırmızılar” burada keçirdikləri 7 görüşün yalnız 1-də “Lion”a məğlub olub. Digər 3 oyunda qalib gəlib, bir o qədər qarşılaşmada bərabərə qalıb.
Klublar arasındakı səviyyə fərqi müqayisəyə gəlməz dərəcədə böyükdür. 100 milyondan artıq büdcəsi ilə öyünən “Olimpiakos” zəngin avrokubok təcrübəsinə və transfer dəyəri 10 milyonla ölçülən futbolçulara sahibdir. Stadionu, akademiyası, azarkeşləri isə bir başqa aləmdir.
Lakin bu, heç bir halda “Qarabağ”ın qələbə şanslarına kölgə sala bilməz. Məhz bu “Qarabağ” 2022-nin yayında “Karaiskakis”ə toplaşan yunan azarkeşləri rəqib qapısından keçirdiyi 3 qolla şoka salmağı bacarmışdı. Həmin qarşılaşmada heç Juninyo yox idi.
Ağdamlıları xal və ya xallara yaxınlaşdıran başlıca məqam rəqibə nisbətən meydana rahat çıxmasıdır. İtiriləcək heç nə yoxdur, itən çoxdan itib. Möcüzə baş versə belə, “24-lük” arzusu mümkün deyil.
Əvəzində, “Olimpiakos” ciddi təzyiq altında olacaq. Mümkün məğlubiyyət Yunanıstan nəhəngini “16-lıq”dan kənar qoya bilər. Bu isə heç bir halda arzulanan deyil. Təzyiq altında olmaları, hər ötən dəqiqədə qola vura bilməmələri tələskənlik və həyəcan hissini artıracaq.
“Qarabağ”lıların üzərinə düşən iş nəticəni düşünmədən öz oyununu sərgiləmək, hücum futbolu oynamaq və ələ düşən ən kiçik imkandan belə maksimum yararlanmaqdır.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda xüsusən səfər oyunlarında azərbaycanlı futbolsevərləri sevindirməyi bacarıb. Görək, “Olimpiakos”a cari mövsümdə ilk ev yenilgisini yaşatmaqla Avropa Liqasının qapısını bərk çırpmaq mümkün olacaqmı.
HƏBİB / SPORTİNFO.AZ