Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao Avropa Liqası Liqa mərhələsinin "Olimpiakos"la matçından öncə danışıb.
- Oyunun taleyini detallar həll edəcək. Turnir cədvəlinə baxanda görürük ki, "Olimpiakos" daha yaxşı vəziyyətdədir. Aşağı pillələrdə olmağımıza baxmayaraq, sabah yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
- Oyuna motivasiya olmaq üçün futbolçular olaraq öz aranızda nə danışırsız?
- Bizim üçün hər oyun önəmlidir. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq hər matça müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabah da istisna olmayacaq. Avropa Liqasını daha yuxarı pillələrdə bitirmək üçün çalışacağıq.
- Sizcə, "Qarabağ"ın turnir cədvəlindəki yeri ədalətlidir?
- Mənə görə ədalətlidir. Çünki futbolda rəqibinin səni yaralamağına şərait yaradırsansa, səni yaralayacaq. Bir çox matçlarda yaxşı oynadıq, bəlkə də layiq olmadığımız məğlubiyyətlər yaşadıq. Sabah son oyunumuzdur. Turniri layiqli şəkildə bitirmək üçün əlimizdən gələni edəcəyik.