2025-ci ilin ilk avrokubok matçında “Qarabağ”ın qarşısına Rumıniyanın ən titullu, ən məşhur komandası “Styaua Buxarest” və ya 2017-ci ildən məhkəmə qərarıyla adı dəyişdirilən FCBS çıxmışdı.
Buxarestun keçmiş ordu klubu ilə dueldə Azərbaycan çempionunu yalnız qələbə qane edirdi.
İlk 6 turda yalnız 1 qələbə qazanmağın nəticəsi olaraq pley-offa vəsiqə böyük ölcüdə “Qarabağ”ın əlindən çıxmışdı və yalnız qalibiyyət “Olimpiakos”la son tur matçı ərəfəsində bizə cüzi ümid verə bilərdi.
Amma bədbinliyə qapılanlar da artmışdı.
Bu mövsüm, onsuz da, zəif təsir bağışlayan “Qarabağ”ın bir tərəfdən əsas “qol silahı” Juninyo ilə vidalaşması pley-off ümidlərini demək olar “öldürmüşdü”.
Matçdan bir necə gün əvvəl dünyasını dəyişən fəxri prezidenti Abdulbari Gözəlin xatirəsinə ehtiram olaraq, Ağdam klubu meydana qara sarğıyla çıxmışdı.
Ötən illərin təcrübəsindən çıxış edərək, komandanın belə həssas məqamlarda daha iradəli, daha xarakterli olduğunu nəzərə alan rumınlar qarşısında “Qarabağ”ın uduzmayacağını düşünürdük. Elə ilk hücumda hesabı açan tərəf “Qarabağ” oldu.
Lakin yanındakına “gördün qaqa, demişdim “Qarabağ” bu oyunda uduzmayacaq” deyənlərin cümləsi ağzında yarımcıq qaldı.
Künc zərbəsi zamanı bir dəstə oyunçu Adrian Sutu necə nəzarətsiz qoydu, bilmirəm, rumin futbolcu rahatlıqla topu başla qapıdan keçirdi. Səhvi təkcə bizmkilər etmirdi, rəqib də ideal oynamırdı.
40-cı dəqiqədə “Qarabağ”ın heyətində Kevin Medina və Marko Yankoviçlə yanaşı, ən yaxşılardan olan Elvin Cəfərquliyevin qapı qarşısına ötürməsinə Nəriman Axundzadə toxuna bilməsə də, müdafiəçi Dava topa “Qarabağ” azarkeşlərinin istədiyi kimi toxundu - avtoqol və 2:1.
Amma hətta fasiləyədək olan qısa müddətdə belə, komandamız hesabı qoruya bilmədi. Yenə künc zərbəsi və yenı bir dəstə “Qarabağ”lıının yanında nəzarətsiz qalan rəqib oyuncu - bu dəfə Nikulesku bərabərlk qolunu vurdu.
Künc zərbəsindən cəkdiklərimiz bununla da bitmədi.
İkinci hissədə daha bir künc zərbəsi “Qarabağ”ın qapısına qol vurulmasıyla nəticələndi.
Oyunu bərbad keçirən qapıçı Fabiyan Buntucun çıxışda səhvi, Nəriman Axundzadənin hava mübarizəsində uduzması və yekunda top qapımızda... 3 korner, 3 qol!
Avroliqanın pley-offunda görməyi arzuladığımız komanda belə qollar buraxmalı deyil.
Belə qapıçıyla, belə müdafiəylə, belə hücumçularla, ayağı ayağına dolaşan Addai, hec cürə “Qarabağ”a uyğunlaşa bilməyən Kaşuk kimi transferlərlə “Qarabağ”ın maksimumu elə Avroliqanın əsas mərhələsidir.
Burada dayanmalı idi, dayandı da. “Qarabağ” belə sonluğun siqnalını, mesajını yaydan bəri verirdi.
Yaydan bəri azarkeşlər də, biz də haray çəkirdik ki. “Qarabağ”, oyan, Avroliqa əldən çıxır!
Qurban Qurbanov vəziyyəti dəyişməyi bacarmadı. “Qarabağ” yaydan bəri bu mövsüm doğma meydanda yalnız bir rəqibə qalib gəlib, o da Cəbəllütariq çempionu “Linkoln”a.
Qalan 6 oyunun hamısında - “Ludoqorets”, “Dinamo Zaqreb”, “Malmö”, “Ayaks”, “Lion” və indi də FCSB-yə uduzub. 1 heç-heçə belə yoxdur, hamısı məğlubiyyət.
Avroliqanın əsas mərhələsində 36 komanda arasında “Dinamo Kiyev”dən sonra ən pis top fərqinə malik komandadır “Qarabağ”.
Bu yay edilən transferlərin kluba xeyrindən çox, ziyanı dəyib. Qapıçıların heç birinə güvənmək olmur,
Kaşuk bir dərd, Addai da ondan beşbetər dərd!
Yerli oyunçulardan Elvin Cəfərqulıiyevlə Toral Bayramovun yaxşı oyunları daha çox oldu. Bəhlul Mustafazadə artıq “canlı bomba”ya dönməkdədir.
Son vaxtlar kobud səhvlərə çox yol verir, hücumçularımız da ki... Allah bizə başqa dərd verməsin.
Juninyo gedib. Ay Nəriman, ay Musa, sizin üçün yol açılıb, çıxın, hünərinizi göstərin.
Sabah “Qarabağ”dan 5 milyona hansısa braziliyalını yox, sizi tranfer etsinlər, biz də baxıb, fəxr edək. Yoxsa meydanda belə baş girələməklə sizin maksimumunuz elə “Qarabağ”dır.
Avroliqanın pley-offu üçün həm psixoloji-mənəvi, həm də intellekt olaraq hazırlanmaq gərəkdir.
Rumınlar 3 künc zərbəsindən vurduğu 3 qolla sanki “Qarabağ”ı künc qoydu - dərsini bilməyib sinifdə küncə qoyulan şagird kimi.
Bu gün “Qarabağ”Avroliqa imtahanından kəsildi, qalır yeni mövsümə hərtərəfli hazırlaşıb gəlmək.
İlkin Fikrətoğlu