Olavio Juninyonun “Flamenqo” ilə müqavilə bağlaması səmada şimşək effekti verdi.
İki il əvvəl Portuqaliyanın autsayder komandasında top qovan, son ilyarımı Azərbaycan təmsilçisi “Qarabağ”da keçirən hücumçuyla Braziliya nəhəngi ilə Avropa Liqasının 7 qat qalibi “Sevilya”nın maraqlanması həqiqətən inanılmaz hadisə idi.
Elə Juninyonun Azərbaycandakı həmkarı Ramon Maçado da tanışının “Flamenqo” ilə anlaşmasına təəccüblənib.
“Araz-Naxçıvan”ın forvardı yanvarda gündəmi zəbt edən keçidlə bağlı Sportinfo.az-a bunları deyib:
“Flamenqo” Braziliyanın ən köklü və titullu klublarından hesab olunur.
Avropada “Barselona”, “Mançester Siti” hansı çəkiyə malikdirsə, “Flamenqo” da Braziliyada o ağırlıqdadır. Bu gün “Flamenqo” futbolçulara “Barselona”dakı qədər maaş verməyə qadirdir.
Bu komandada oynamaq istənilən futbolçunun arzusudur. Juninyoya halal olsun, öz oyunu ilə klubdakıların diqqətini çəkməyi bacardı.
Şəxsən mənim üçün böyük sürpriz oldu. Ancaq Juninyo öz oyunu və Avropa arenalarında vurduğu qollarla bunu haqq etdi.
“Flamenqo”da çox yaxşı ifaçılar var. Ona görə də Juninyoya orada rahat olacaq.
Hər oyunda rahatlıqla 4-5 qol imkanı yaxalayacaq. Belə olduğu halda qolların sayı çox olacaq”.
28 yaşlı futbolçu “Qarabağ”ın şərəfini qoruduğu ilyarım ərzində meydana çıxdığı 81 oyunda 41 qol vurub, 14 assistlə yadda qalıb.
HƏBİB