Azərbaycan millisinin sabiq üzvü Elhad Nəziri Sportinfo.az-a açıqlama verib.
O, Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniya klubu FCSB-ni qəbul edəcək "Qarabağ"ın matçdakı şanslarını dəyərləndirib:
Futbolçu karyerası ərzində 2 il Rumıniyada legioner həyatı yaşamış Elhad təmsilçimizi ağır matç gözlədiyini bildirib:
"Üzücü olan odur ki, "Qarabağ" hazırda 33-cü pillədə qərarlaşır. Vurulan-buraxılan qolların nisbəti yaxşı deyil. İstəməzdik ki, qrup mərhələsində təmsilçimizin nəticələri belə olsun.
Rəqibin isə durumu fərqlidir. Rumınlar həm psixoloji olaraq, həm də nəticələr baxımından bizdən öndədir.
Digər tərəfdən "Qarabağ"ın itkiləri var. Klubun rəhbəri Abdolbari Gozal və Benzianın anası dünyasını dəyişib. Allah rəhmət eləsin. Bu baxımdan da kollektivin psixoloji durumu ürəkaçan olmaya bilər.
İnşallah, sonda sevinən tərəf "Qarabağ" olar. Çünki qələbə çox vacibdir. Növbəti mərhələ şansları az da olsa var. Ağır oyun olacaq. Rumınlar həm texniki, həm də taktiki baxımdan seçilir. Ümid edək ki, "Qarabağ" qələbə qazanmaqla növbəti dəfə ölkəmizi Avropa səhnəsində uğurla təmsil etmiş olacaq".
XANOĞLAN