Premyer Liqanın XIX turu “Qarabağ” – “Şamaxı” matçı ilə başlayıb.
Sportinfo.az xəbər verir ki, bu qarşılaşma Ağdam klubunun rəqibi üzərində 40-cı qələbəsi ilə əlamətdar olub.
Ağdam klubu müxtəlif vaxtlarda Bakı və Şamaxını təmsil edən rəqibi ilə 77 oyundan qırxında 3 xal qazanıb. Budəfəki qələbə üçün 3 qol lazım olub – 3:2.
Bu, ölkə çempionatları tarixində bir komandanın eyni rəqib üzərində 40 və daha çox qələbə qazandığı 3-cü dueldir. Daha iki cütün görüşlərində bir tərəfinə digəri üçün “asan yem”ə çevrilib.
Mütləq rekord Azərbaycan derbilərinə məxsusdur. “Qarabağ” “Neftçi” üzərində 43 qələbə qazanıb. Amma bu komandalar daha çox – 97 dəfə üz-üzə gəlib.
Eyni rəqibi 40 dəfə udmaq üçün ən az oyuna ehtiyacı olan isə “Neftçi”dir. “Ağ-qaralar” elə “Şamaxı”nı 76 oyunda 42 dəfə məğlub edib.
2025-ci ildə daha bir cüt bu siyahıya daxil ola bilər. “Sumqayıt”ı 37 dəfə məğlub edən “Qarabağ” artıq növbəti mövsümün bu il keçiriləcək görüşlərində yubiley qələbəsini rəsmiləşdirmək imkanına malikdir.