“Juninyonun gedişi “Qarabağ” üçün böyük itki olsa da, klub rəhbərliyi onun yerini necə dolduracağını bilir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qarabağ”da oynamış braziliyalı yarımmüdafiəçi Çumbinyo həmyerlisi Juninyonun "Flamenqo"ya (Braziliya) keçməsi barədə danışarkən deyib.
O bildirib ki, 28 yaşlı forvard ölkəsində də uğurlu çıxış edəcək:
“Olavio Braziliyanın ən köklü və böyük klubuna gəlir. "Flamenqo” hədəfləri yüksək olan komandadır.
Burada oynamaq Juninyoya çox yaxşı təsir edəcək. O, son dərəcə sürətli və əla hücumçudur.
Oynadığı komandalarda məşqçilərin yaxşı mənada işinə yarayır. Ən önəmlisi isə bitiricilik qabiliyyətinin olmasıdır.
Felipe Luis kimi futbol karyerası zəngin mütəxəssislə işləmək ona müsbət mənada fayda verəcək”.
“Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.