Olavio Juninyonun “Flamenqo”ya keçidi Braziliyada böyük maraqla qarşılanıb.
Köklü klubun azarkeşləri yeni transferə isti yanaşıb.
“Qırmızı-qaralar”ın sosial şəbəkə hesablarında 28 yaşlı futbolçu barədə yazılanları oxuyanda, Juninyonun üzərinə böyük məsuliyyət düşdüyünü anlamaq çətin deyil.
Bu da braziliyalı fanatların sabiq “Qarabağ”lını qarşılama mesajları:
“Mən bu oğlandan superkubokun finalında “Botafoqo”nun qapısına qol gözləyirəm”.
“İlk gündən sadəliyi ilə ürəklərə yol tapmaqdadır”.
“Juni vuracağı qollarla bu transferə ağız büzənlərin ağızlarını bağlayacaq”.
“Xoş gəlmisən! Superkubokun finalında “Botafaqo” ocağını söndürməlisən”.
“Qaldırın badələri, içək bu transferin sağlığına”.
“Hələ heç bir oyununu görməmişəm, amma deyə bilərəm ki, bu adam kriket ustasıdır”.
“Juninyo, sənə güvənirik. Bu güvəni qorumağa çalış”.
“Fantastik sürətə və öldürücü son zərbələrə malikdir. Xoş gəlmisən, gülərüz”.
“Müsahibəsinə baxdım. Az danışır. Az danışan futbolçular meydanda faydalı olur. Göstər özünü!”
“Flamenqo” ilə 2028-ci ilin dekabrına qədər anlaşan Juninyo burada 23 nömrəli futbolkada mübarizə aparacaq.
HƏBİB / SPORTİNFO.AZ