Olavio Juninyonun «Flamenqo»ya satılması ilə «Qarabağ»da iki nefər daha rahat nəfəs almaq fürsəti əldə etdi.
Bunlar Aleksey Kaşuk ilə Emmanuel Addaidir.
Cari mövsümün əvvəlində komandaya qoşulan Addaini bundan sonra daha tez-tez əsas heyətdə izləyəcəyik. Qanalı Juninyonun mövqeyində, hücumun mərkəzində oynayacaq - maraqlı yerdəyişmədir.
Qurban Qurbanov nə vaxtdar müəyyən ekspermentlər aparır, bu da olsun onlardan biri. Hər halda baş məşqçinin Addaiyə böyük ümidlər bəsləməsi bizə bəllidir.
Qurbanov bu afrikalını İspaniyadan Bakıya yeyib yatmaq üçün gətirməyib. Oynadacaq və onunla Juninyonun yoxluğunu unutdurmağa çalışacaq.
Addai Zubirin alternativi olaraq alınmışdı. Fransız yarım il bundan qabaq müqaviləsini 3 illik uzadıb və çətin ki, Qurbanov onu bu tezliklə ehtiyata çəksin.
Deməli, Addai irəli xəttin sivri ucunda özünü göstərməli olacaq.
Hər oyunda qapısında qol görmək - deyəsən, «Qarabağ» buna adət etməyə başlayıb. Qətiyyən yaxşı deyil.
Dərd-sərri Premyer Liqada qalmaq olan «Şamaxı»dan bir hissədə iki qol «yemək» yeyiləcək hal deyil və Qurban Qurbanovun tezliklə hansı tədbir alacağını səbirsizliklə gözləyirəm.
MUSA