"Biz perspektiv vəd edən yeniyetmə və gəncləri burada görməkdə maraqlıyıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.
Məlum olduğu kimi, "Hypers Quba"nın oyunçusu Denis Ədilov Ağdam klubuna keçib. 20 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
II Liqada "Kasıbın Qavisi" ləqəbi ilə tanınan gənc bu ildən Əvəzedicilər Liqasında özünü göstərməyə çalışacaq.
Futbolda ilk addımlarını Türkiyədə (“Karaman FK”) atmış və "Barselona"nın tanınmış yetirməsinə bənzədilən Ədilov hələ bir müddət "Qarabağ-2"də forma geyinəcək.
Əvəzedici heyətin baş məşqçisi Cavad Mirzəyevin dəvətiylə bura gələn orta sahə oyunçusu Qurban Qurbanovun da diqqət mərkəzində olacaq.
Çünki ona çatan məlumatlar əsas komandanın baş məşqçisində sözügedən yarımmüdafiəçiyə maraq yaradıb.
A.Hacıyev D.Əbilovun Cavad Mirzəyev tərəfindən bəyənildiyini bildirib:
“Əvəzedici komandanın baş məşqçisi onu görüb və dəvət edib. Bildiyiniz kimi, “Qarabağ-2“ Əvəzedicilər Liqasında turnir cədvəlinə başçılıq eləyir.
Denis kimi oyunçularla uğur qazanmaq olar. Ümumiyyətlə, akademiyamızda istedadlı gənclər çoxdur.
İstər 19 yaşlılarda, istərsə də əvəzedici heyətdə. Özlərinə də demişik ki, kim özünü yaxşı tərəfdə göstərsə, əsas komandanın qapıları həmişə üzlərinə açıq olacaq“.