Juninyo artıq «Qarabağ»ın deyil, «Flamenqo»nun uğurları üçün tər tökəcək.
Adı son günlərə kimi «Sevilya» ilə yanaşı hallanan, İspaniyanın məşhur klubuna transferi an məsələsi olan braziliyalı Avropada qalmadı, vətəninə üz tutdu.
28 yaşlı hücumçu ölkəsinin ən tanınmış futbol brendlərindən birindən gələn təklifi qəbul etdi.
«Qarabağ» bu keçiddən qazanclı çıxdı. «Köhlən atlar»ın alqı-satqıdan ilkin gəliri 5 milyon avro olacaq.
Juninyo «Flamenqo»da daim əsas heyətdə oynasa, titul əldə etsə, yaxud üçüncü tərəfə satılsa, buradan da Ağdam təmsilçisinin kassasına böyük miqdarda bonus daxil olacaq.
Bu əməliyyata hansı tərəfdən baxsan, «Qarabağ» uduşdadır. Uğurlu satış münasibətilə klub rəhbərliyini təbrik etmək olar.
Doğrudan da, böyük işlər görürlər. Dünya mediası 1 aydan artıqdır «Qarabağ»dan, Juninyodan xəbər hazırlayır.
Bu, Azərbaycan və «Qarabağ» adına inanılmah hadisədir. Beynəlxalq arenada tanıtıma on milyonlarla avro/dollar xərcləsəydilər, belə müvəffəqiyyət əldə olunmazdı.
Bir Juninyo ilə iki dovşanı birdən vurdular: həm «Qarabağ» brendini dünyaya duyurdular, həm futbolçu marketinqi sahəsində mühüm addım atdılar.
«Köhlən atlar» axır 2-3 ildə bu istiqamətdə ciddi irəliləyişə nail olub. İbrahim Vadji, Kadi Borges, Kvabena Ovusu və Musa Qurbanlı kimi oyunçuların Avropaya satışından büdcəyə milyonlar axdı.
Türklər buna «super pazarlama» deyir. Deməyə nə var, əsas bu işi bacarmaq, sistemə salmaqdır.
Sabah «Azərsun» klubun üstündən əlini çəksin, «Qarabağ» yenə yaşayacaq.
Avrokuboklarda iştiraka görə UEFA hər il onlara kulli miqdarda ödəniş edir. Bəzən bu rəqəm 20 milyon avroya çatır. Üstəlik, futbolçu satışlarından gələn pul.
Azərbaycanda başqa bir klub yoxdur ki, «Qarabağ» qədər təsərrüfat hesabına dolanmağa yaxın olsun. Bunun üçün gərək orada Əmrah Çəlikəl, Asif Əsgərov, Qurban Qurbanov işləsin.
Adlarını qeyd etdiyimiz şəxslərin fədakarlığı, düzgünlüyü, haqq-nahaq bilməsi sayəsində «Qarabağ» dayanıqlı klub halına gəlib, mexanizm saat kimi çalışır.
Sistem çalışmasından danışırıq bəzən. Hansı klubun rəhbərini, idarəçisini, baş məşqçisini dindirsən, deyəcək, məndən ağıllısı yoxdur, dahiyəm.
Əksəriyyəti qələt edir, başını da daşa döyür!
İki eşşəyin arpasını bölə bilməyənlərdir çoxdu. Kiminsə hesabına, nəyinsə hesabına klub camiəsinə soxulublar, yuxarı yerdə əyləşirlər.
Bu işlər necə görülür, ora-bura getməyə, yol ölçməyə lüzum yoxdur. Dağ boyda «Qarabağ» nümunəsi var, ondan ibrət alsınlar, bəhrələnsinlər.
Yalnız oğrular, əliəyrilər, şəxsi mənafeyini hər şeydən üstün tutanlar «Qarabağ»a ağız büzə bilər, başqa heç kim!
MUSA