“Heyətimiz genişdir. Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışacağıq”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sportinfo.az-a açıqlamasında hazırda komandasında müşahidə olunan itkiləri şərh edib.
“Köhlən atlar” yanvar ayında Avropa Liqasının Liqa mərhələsində son iki oyuna çıxacaq.
Lakin bu qarşılaşmalarda bir neçə futbolçu ağdamlılara kömək edə bilməyəcək.
Olavio Juninyo yol üstədirsə, Yassin Benzia anasının səhhətindəki narahatlığa görə hələ də Bakıya gəlməyib. Bədavi Hüseynov isə zədə səbəbindən kollektivdən ayrı düşüb.
Maraqlıdır, mövcud durum Qurbanovu nə dərəcədə narahat edir? İtkilər komandasının çıxışına nə dərəcədə təsir edə bilər?
Təcrübəli çalışdırıcı bu cür vəziyyətə öyrəncəli olduğunu bildirib:
“İtkilər fonunda oyun planımızda müəyyən dəyişikliklərə əl ata bilərik. Lakin ciddi mənada fərqlilik olmayacaq.
Sərəncamımda olan futbolçuların hər birindən razıyam. Bu gün önəmli olan onların idman formasını yaxşılaşdırmaqdır.
İtkilərə görə narahat deyiləm. Bu kimi hallarla dəfələrlə üzləşmişik. Belə deyim, artıq işimizin bir parçasına çevrilib.
Ancaq o başqa məsələ ki, formalaşdırdığın komandadan futbolçuların bir-bir getməsi yaxşı hal deyil. Çıxış yolu tapacağıq”.
“Qarabağ” yanvarın 23-də Bakıda FCSB-ni (Rumıniya) qəbul edəcək, bir həftə sonra Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
HƏBİB / SPORTİNFO.AZ