“Elə bir vəziyyət yaranıb ki, seçim etmək həqiqətən çox çətindir”.
“Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda Sportinfo.az-a komanda yoldaşı Olavio Juninyonun üzləşdiyi durum barədə danışıb.
“Köhlən atlar”ın “vuran ayağı” yol üstədir. Öncə İspaniya nəhənglərindən olan “Sevilya”dan, daha çox Braziliyanın titullu klublarından hesab olunan “Flaminqo”dan təklif alan Juninyo seçim arasında qalıb.
Gedişat göstərir ki, 28 yaşlı forvard karyerasını vətənində davam etdirməyə isti yanaşır.
Görəsən, Riçard seçim qarşısında qalsaydı, hansı varianta üstünlük verərdi? Avropada qalıb “Sevilya”da oynayardı, yoxsa Braziliyaya qayıdardı? Ümumiyyətlə, bu mövzu ətrafında aralarında hansı söhbətlər olub?:
“Juninyo ilə söhbət edəndə öz təcrübəmdən ona danışıram. Çünki özüm də vaxtilə “Qarabağ”ı tərk edib “Astana”ya getmiş və geri qayıtmışdım.
Başa salıram ki, qərar verməmişdən əvvəl ətraflı götür-qoy et. Tələsik qərar verməsini məsləhət görməzdim.
Mənim sözümü eşitsə, tövsiyəm “Flaminqo”ya getməkdir. Braziliyanın ən tanınmış klubudur.
Belə deyim, “Qarabağ” Azərbaycan üçün nə deməkdirsə, “Flaminqo” Braziliya futbolu üçün o dərəcədə önəmlidir.
Təklif mənə olsaydı və “Sevilya” ilə “Flaminqo” arasında qalsaydım, çox düşünərdim. Həqiqətən seçim etmək çətindir.
Bir tərəfdə öz vətəninin köklu klubu, digər tərəfdə Avropa Liqasının 7 qat qalibi və İspaniyanın məşhur klublarından biri. Yenə deyirəm, seçim etmək həqiqətən çətindir”.
Juninyonun “Qarabağ”dan ayrılacağı dəqiqləşsə də, karyerasını hansı klubda davam etdirəcəyi qeyri-müəyyəndir.
HƏBİB