COP29

Juninyonun “salam aleykum”u, ilk het-trik, 18 yaşlı istedad və 5:1

16:05 Qarabağ 1 941
Juninyonun “salam aleykum”u, ilk het-trik, 18 yaşlı istedad və 5:1

Premyer Liqa klublarının qış hazırlıq mərhələsindəki ilk oyunu “Qarabağ”la “Kəpəz” arasında baş tutdu.

Cümə axşamı “Azersun Arena”dakı ehtiyat meydanda keçirilən oyunda hər iki komandanın üzvlərinin istirahətdən və fiziki yüklənmələrdən sonrakı vəziyyəti maraq doğururdu.

“Köhlən atlar” bir neçə aparıcı futbolçunun xidmətindən məhrum idi. Abdulla Zubirin səhhətində yaranan problem kənarda qalması ilə nəticələnmişdisə, Yassin Benzia anasının xəstəliyinə görə hələ də hazırlıqlara qoşulmayıb. Bədavi Hüseynov zədəsini sağaltmaqla məşğul olduğundan gözə dəymədi.

Son günlərin aktual adamı Olavio Juninyo matçı izləyənlər arasındaydı. Görməyə alışdığımız şəkildə - “Qarabağ”ın geyimində irəli-geri var-gəl edirdi. Lakin əvvəldən məlum idi ki, meydana çıxmayacaq.

Jurnalistlərlə “salam aleykum”la görüşən braziliyalı hücumçu yenə kefsiz, ruhsuz təsir bağışlayırdı.

Arenaya buraxılmayan yeniyetmə azarkeşlər stadionun giriş-çıxış qapılarının yanından keçən sevdikləri futbolçunu görəndə, adınə dəfələrlə səsləndirsələr də, Juninyo dodaqlarını tərpətmədi. Məlumdur ki, adamın özü Azərbaycanda, ürəyi Braziliyadadır.

“Kəpəz”ə gəlincə, Azər Bağırov əsas heyət üzvlərini ehtiyatda saxlayıb, eksperimental “11-liy”ə güvənmişdi. Elə bunun nəticəsi olaraq “köhlən atlar” ilk hissədə qapısından 4 top buraxmaqdan qurtula bilmədi.

Qeyri-rəsmi oyun olsa da, Aleksey Kaşuk bəlkə də karyerasında ilk het-triki gerçəkləşdirdi. İlk 45 dəqiqədə son nöqtəni isə Emmanuel Addai topu boş qapıya göndərməklə qoydu.

Fasilədən sonra vəziyyət kökündən dəyişdi. Bu dəfə “Qarabağ”da meydana gənclərlə “qocalar” çıxdı,

Bağırov isə Rojerio Santos, Dieqo Verdaska, Turan Manafov, Ehtiram Şahverdiyev, Pana, Lira Paçu, yeni transfer Rati Ardazişvili özünü göstərmək imkanı qazandılar.

Tempin düşdüyü ikinci yarıda komandalar hərəyə bir dəfə fərqləndi. Ağdamlıları U-19 komandasının 18 yaşlı üzvü Davud Məsumov sevindirdi, gəncəlilərin təsəlli qoluna Ehtiram Şahverdiyev imzasını yazdırdı – 5:1.

90 dəqiqəyə əsasən hər iki komandanın ağır göründüyünü, istirahətdən sonra tam hazır olmadığını deyə bilərik. Azər Bağırov çalışdırdığı komandada xətlərarası əlaqəni qısa müddətdə qaydasına salmasa, işi çətin olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti