Olavio Juninyonun “Qarabağ”dan ayrılması an məsələsidir.
“Köhlən atlar” yaxın günlərdə braziliyalı hücumçunun transfer xəbərini paylaşacaq.
Sözsüz, Azərbaycan Premyer Liqasında top qovan futbolçunun La Liqa təmsilçisindən, yaxud Braziliyanın A seriyasından təklif alması xoş haldır.
Ancaq məsələnin digəri tərəfi var – “Qarabağ”dan gedən futbolçuların sonradan xoşbəxt ola bilməmələri.
Son 10 ildə ağdamlıların 10-dan artıq futbolçusu samballı çempionatlardan maddi baxımdan sərfəli təklif aldıqları üçün ya müqaviləsi başa çatandan sonra buranı tərk edib, ya da transfer olunublar.
Reynaldo ilə Muarem Muaremin Türkiyə Super Liqasında oynamçaq sevdası, Riçard Almeydanın Qazaxıstanda şəxsi büdcəsini zənginləşdirmək arzusu gözündə qalmışdı.
Hər üç futbolçu çox keçmədən Azərbaycana – məhz “Qarabağ”a qayıtmışdı.
O dönəmdə “köhlən atlar”ı tərk edənlərdən yalnız İbrahim Şehiçin doğru addım atdığını deyə bilərik.
“Qarabağ”ın yeni tarix yazmağa – yəni avrokuboklarda qrup mərhələsi səddini adlamağa başlamasından sonra da xoş gələcək üçün Azərbaycanı Avropaya dəyişənlər olub.
Ovusu Kvabena, İbrahima Vadji və siyahının başında dayanan Kadi Borges.
Hansı onlar? Hansı uğurlara imza atmağı bacarıblar?
Ovusu Kvabena
2023-ün yanvarında “Ferentsvaroş”la müqavilə bağlayan Kvabena Macarıstan klubundan əvəzedici statusu ilə çoxdan barışıb. Premyer Liqada 49 oyunda 12, Azərbaycan kubokunda 6 matçda 1, avrokuboklarda 23 qarşılaşmada 6 qol vuran qanalı hücumçu “Ferentsvaroş”da geridə qalan 2 ildə bütün yarışlarda 31 dueldə cəmi 6 qolla yadda qalıb.
İbrahima Vadji
“Qarabağ”da 1 il keçirəndən sonra 2022-nin yayında Fransanın 2-ci liqasında mübarizə aparan “Sent-Etyen”lə anlaşan Vadjinin buradakı ilk mövsümü pis keçməmişdi. Liqa-2-də 30 matçda 12 qol vuran seneqallı forvard əsas simalardan hesab olunurdu.
Lakin ötən “futbol ili” onun üçün uğursuz alındı. Çempionatda 9 görüşdə rəqib qapılarına yol tapa bilmədi, Fransa kubokunda şans qazandığı 1 oyunda 1 qolla fərqləndi.
Cari mövsümün yarısı geridə qalsa da, 29 yaşlı forvard Liqa-1-də 4 qarşılaşmada 100 dəqiqə forma geyinməklə heç nə ilə yadda qalmayıb.
Kadi Borges
Kadi haqqında bəlkə də roman yazmaq olar. Oyunu, vurduğu qollar, verdiyi ötürmələr hesabına “Qarabağ” azarkeşlərinin könlünə yol tapan “20 nömrə” indi ötən günlərin intizarındadır.
İlyarım ərzində “Qarabağ”ın heyətindəki çıxışları ilə Avropaya səs salan braziliyalı yarımmüdafiəçi “Krasnodar”dakı ilyarımda “papağını günə verdi”. Çempionatda cəmi 21 matçda əsas heyətdə yer almaqla ümumilikdə 33 dəfə meydana çıxdı, verdiyi fayda isə 4 qol oldu. Ölkə kubokunda 11 oyunda 2 qol, vəssalam.
Keçən ilin yayında “Ferenetsvaroş”a satılan Borges yeni iş yerində pis-yaxşı şans qazanır və əvvəlki ilə nisbətən fəal görünür. Macarıstan liqasında 13 görüşdə 2, avrokuboklarda 11 oyunda 1 qolla diqqətləri üzərinə çəkib.
“Qarabağ”dakı ilyarımda 75 qarşılaşmada rəqib qapılarından 28 qolla yadda qalan Kadi, Rusiya və Macarıstandakı 2 ildə aktivinə cəmi 9 qol yazdırmağı bacarıb. Üstəlik, heç bir halda komandasının simasına çevrilməyə nail olmayıb.
Juninyonu növbəti illərdə nələrin gözlədiyini indidən təxmin edə bilmərik. Lakin fakt faktlığında qalır ki, pul və şöhrət dalınca qaçanlar sonradan ya “Qarabağ”a qayıdıb, ya da komandalarında “ikinci” statusu ilə barışıblar.
Görəsən, Olavio bu tilsimi qıra biləcək?
HƏBİB / SPORTINİO.AZ