"Qarabağ"ın hücumçusu Olavio Juninyo "Flamenqo"nun baş məşqçisi Felipe Luislə danışdıqdan sonra "Sevilya"ya keçmək fikrindən daşınıb.
Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.
"Flamenqo" forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyoya verilə biləcək mümkün maaş isə "Sevilya"nın təklifindən çoxdur.
Braziliyalı ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.
Forvardın qərarını dəyişməsi, əvvəl "Sevilya"dan təklif aldığım üçün gecələr yata bilmirəm" söyləməsi, daha sonra ölkəsinə qayıtmaq istədiyini deməsi "Qarabağ" rəhbərliyini şoka salıb.
Biz qətiyyən zarafat etmirik. Cənubi amerikalı legionerin gündə bir fikrə düşməsi "köhlən atlar"ı əməlli-başlı karıxdırıb.
Funksionerlər hazırda düşərgədə yer alan, gündəlik məşq prosesində iştirak edən hücumçunu indi inandırmağa çalışır ki, Avropada qalması məsləhətdir, vətəninə dönməsin.
"Sevilya" ilə müqavilə bağlamasını ona tövsiyə eləyiblər. Bildiriblər ki, Əndəlüs təmsilçisində özünü göstərsə, La Liqanın daha nəhəng klublarından birinə yolu açılacaq, özü də tez bir zamanda.
Braziliyalı isə Felipe Luisin onunla əlaqə saxladığını, bu telefon danışığı zamanı "Flamenqo"ya gəlməyə razılıq verdiyini söyləyib, üstəlik, deyib ki, ölkəsində daha çox pul qazanacaq.
Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub. "Sambaçı"nın müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.
"Flamenqo"nun baş məşqçisi Felipe Luis futbolçu karyerasında "Atletiko" və "Çelsi" kimi tanınmış komandaların formasını geyinib.2019-cu ildə Braziliya yığması ilə Amerika Kubokunda qızıl medal əldə edib.
Madrid təmsilçisi ilə iki dəfə Avropa Liqasının, bir dəfə İspaniya La Liqasının, London klubunda isə İngiltərə Premyer Liqasının qalibi olub.
SPORTİNFO.AZ