Xəbər verdiyimiz kimi, "Qarabağ"ın hücumçusu Juninyo son anda İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina edib.
O, karyerasını ölkəsinin "Flamenqo" klubunda davam etdirmək istəyir.
Sportinfo.az xəbər verir ki, hazırda Rio-De-Janeyronun "Flamenqo" və "Qarabağ" klubları arasında danışıqlar gedir.
Braziliyanın "Globo" nəşrinin yaydığı məlumata görə, danışıqlarda məqsəd Ağdam klubunun hücumçusu Juninyonun tranfsferinə nail olmaqdır.
Məlumatda bildirilir ki, ötən həftənin istirahət günlərindən birində "Flamenqo"nun baş məşqçisi Felipe Luis Juninyoya zəng edib.
Futbolçu kimi "Atletiko" Madriddəki çıxışı ilə azarkeşlərə tanış olan, 2024-cü ildən "Flamenqo"nun baş məşqçisi işləyən Felipe Luis telefon danışığı zamanı Juninyonu komandasına keçməyə inandıra bilib.
Məhz bundan sonra 28 yaşlı hücumçu "Sevilya"ya keçməkdən imtina edib.
Bildirilib ki, futbolçuya bu zəngin təsiri böyük olub. "Telefon zəngi zamanı Felipe Luis deyib ki, Juninyo klubun yeni prezidenti Balın dövründə komandasının əsas oyunçusu olacaq" - deyə nəşr yazıb.
Məlumata görə, "Flamenqo" artıq bu həftənin 5-ci günü Juninyo ilə müqavilə bağlamaq və futbolçunu ABŞ-da keçiriləcək təlim-məşq toplanışına cəlb etmək istəyir. Müqavilənin müddətinin 3 il olması nəzərdə tutulur.
Amma sənədin imzalanması elə də asan olmayacaq.
Çünki yazıda bildirilib ki, "Qarabağ" Juninyonun "Sevilya"ya son anda keçməkdən imtina etməsindən narazı qalıb. Bildirilib ki, Azərbaycan klubu bir neçə həftə davam edən danışıqlarda "Sevilya" ilə bütün məsələləri razılaşdırıbmış.
Bildirilir ki, hazırda Juninyonun Braziliya təmsilçisinə transferində əsas maneə "Qarabağ"ın qoyduğu şərtlərdir.
Daha əvvəl İspaniyanın nüfuzlu “Marca” qəzeti yazıb ki, Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb.
Nəşr bildirib ki, Braziliya klubu "Qarabağ"ın futbolçusuna ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir. Bu səbəbdən 28 yaşlı hücumçu fikrini dəyişməli olub.
Başqa bir xəbərə görə, "Flamenqo" bu transferin baş tutacağı halda "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək.