Sportinfo.az xəbər verir ki, İspaniyanın əsas idman nəşri “Marca” bu dəfə “Qarabağ”ın hücumçusu Olavio Juninyonu manşetə daşıyıb.
Nəşrin yazısı belə adlanır: “Orta Juninyonun transferini mümkün qədər tez bitirməyə çalışır”.
Yazının məğzini nəzərinizə çatdırırıq:
“Qarabağ”ın hücumçusu Juninyo “Sevilya”nın yanvarda hücumu gücləndirməklə bağlı əsas hədəfidir.
Əməliyyatı hələ bitmiş saymaq mümkün olmasa da, “Sevilya” və “Qarabağ” danışıqlarda vacib addımlar atır.
Bu danışıqlar son nəticədə Juninyonu “Sevilya”nın yeni oyunçusuna çevirməlidir. Klubların mövqeləri get-gedə bir-birinə daha yaxın olur.
Viktor Ortanın rəhbərlik etdiyi idman direktorluğu artıq Azərbaycan Premyer Liqasının liderinə bir neçə təklif təqdim edib.
Bu təkliflərin heç biri Azərbaycan komandasının gözləntilərini qarşılamasa da, hər şey onu göstərir ki, transfer bonuslar da nəzərə alınmaqla, 4 milyon avroya reallaşa bilər.
Bununla da futbolçunun 2027-ci və ya 2028-ci ilə qədər müqavilə bağlayacağı “Sevilya”da oynamaq arzusu gerçəkləşəcək”.