"Qarabağ"ın futbolçuları üçün verilən istirahət günləri sabah bitir.
Kollektiv səhər saatlarında bazada bir araya gələrək mövsümün ikinci yarısı üçün hazırlıqlara start verəcək.
İndi hər kəsi düşündürən tək sual var - Görəsən, "Sevilya"ya keçidi gündəmdə olan Olavio Juninyo da "köhlən atlar"ın qış təlim-məşq toplanışına qatılacaqmı?
Sualımıza cavab tapmaq üçün "Qarabağ"ın baş direktoru Emrah Çelikel ilə əlaqə saxladıq.
Təcrübəli futbol funksioneri hazırda vətənində olan braziliyalı legionerlə bağlı bunları dedi:
"Plan üzrə kollektiv sabah Bakıda bir araya gələcək. Juninyo da sabah səhər saatlarında bazada olacaq. Amma "Sevilya" ilə danışıqlar davam edir. Futbolçumuz İspaniya klubuna transferi ilə bağlı məsələ açıqdır".
"Qarabağ"la müqaviləsi 2026-ci ilin yayında başa çatacaq forvarda görə "Sevilya"dan təklif gəlib.
Amma iki həftədən artıqdı tərəflər arasında danışıqlar müsbət nəticə vermir.
Əsas maneə isə "Sevilya"nın təklif etdiyi təzminat məbləğinin aşağı olmasıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ