Sportinfo.az xəbər verir ki, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinın VI turunda “Elfsborq”a uduzdu.
Oyun İşveç təmsilçisinin minimum üstünlüyü (1:0) ilə başa çatdı.
Sözsüz ki, “Qarabağ”ın növbəti dəfə oyunu məğlub başa vurması uğursuzluq ssenerisi ilə yanaşı, azerkeşlərin də məyusluğuna səbəb olub.
“Qarabağ”ın sabiq prezidenti, Milli Məclisin deputatı Aqil Abbas nəticəyə baxmayaraq, komandanın yaxşı oyun sərgilədiyini deyib (teleqraf.com).
“Bu futboldur. Udmaq da, uduzmaq da olar. Amma nə qədər ki Azərbaycan çempionatında “Qarabağ” kimi 5 komanda olmayacaq, o vaxta qədər Avropada nəsə əldə etmək mümkün deyil.
Çünki “Qarabağ” İsveçdən qayıdıb, “Kəpəz”, “Sumqayıt”, “Səbail” ilə oynayıb, onların səviyyəsinə düşəcək”, - deyə əlavə edib.
Millət vəkili hesab edir ki, Azərbaycanda futbol çempionatı “Qarabağ” səviyyəsində ən azı 5 komanda arasında keçsə, nəticələr başqa olar:
“Bundan sonra bizim komandalar gedib Avropada nəsə edə bilər. Amma bütün bunlara baxmayaraq, “Qarabağ” İsveçdə yaxşı oynadı. Uduzsalar da, onları yaxşı oyuna görə təbrik edirəm”.
Aqil Abbasın fikrincə, “Qarabağ"ın oyunçularını bu nəticələrə görə qınamaq lazım deyil:
“Hər oyunçu elə hər dəfə yaxşı oynaya bilməz. Heç kim Messi və ya Ronaldo deyil.
Zubir yaxşı oyunçu olsa da, oyunu alınmadı. Buna baxmayaraq, komanda bizimdir, uduzsa da, arxasında durmaq lazımdır”.