Avropanın milli çempionatlarında cari mövsüm ən çox qələbə qazanan komandaların adları müəyyənləşib.
Sportinfo.az saytı xəbər verir ki, Azərbaycan çempionatının lideri “Qarabağ” da siyahının ilk pillələrində yer alıb.
Premyer Liqanın ilk yarısında keçirdiyi 18 oyunun 15-də qələbə qazanan Ağdam təmsilçisi bu göstərici ilə qitənin 4-cü komandasıdır.
Qurban Qurbanovun yetirmələri PSV (Niderland) və “Linfild”lə (Şimali İrlandiya) 4-cü yeri bölüşdürür.
Azərbaycan çempionunu Avropanın cəmi 3 komandası qabaqlayır. “Srvena Zvezda” Serbiya çempionatındakı 20 qarşılaşmanın 19-da rəqiblərini məğlub etməyi bacarıb ki, bununla zirvədə qərarlaşır.
İkinci pillədəki “Ludoqorets”in aktivində Bolqarıstan yüksək liqasında 17 qalibiyyət (19 oyun) var. Çexiya “Slaviya”sı isə “Ludoqorets”lə eyni sayda oyun keçirsə də, bir qalibiyyət az (16) əldə etməklə üçüncü yerdədir.