"Sevilya" Olavio Juninyonun keçidini həll etmək üzrədir.
Belə ki, "Qarabağ"la uzun sürən danışıqlardan sonra klublar arasında yekun razılıq əldə olunub.
"Ficherio" saytının verdiyi xəbərə görə, braziliyalının transferinə görə Əndəlus təmsilçisi "Qarabağ"a 3,5-4 milyon avro aralığında pul ödəyəcək.
O da bildirilib ki, "Sevilya" Ağdam təmsilçisiylə kiçik detallarə çıxmaq şərti ilə anlaşıb. Hətta vurğulanıb ki, "Sevilya" yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər Juninyonu komandaya qoşulmasına çalışır.
"Qarabağ" Juninyonu ötən ilin yayında "Şaveş"dən transfer edib. "Köhlən atlar" ondan ötrü Portuqaliya tərəfinə 400 min avroya yaxın təzminat ödəyib.
Azərbaycan çempionu «sambaçı»ya 10 milyon avro qiymət qoyub. Odur ki, İspaniya nəhənginin 2 və 3 milyon avroluq ilk iki təklifini geri çeviriblər.
Bəs nə oldu ki, «Qarabağ» rəqəm mövzusunda La Liqa mənsubuna bu qədər güzəştə getməyə razılaşır?
Səbəb və səbəbkar Juninyodur.
Cənubi amerikalı legioner iki ayağını bir başmağa dirəyib və daha Azərbaycanda qalmaq istəmədiyini bildirib.
28 yaşlı forvard deyib ki, klubla 2026-cı ilin yayınadək müqaviləsi olsa da, o, daha «Qarabağ»ı düşünmür, bütün xəyalları «Sevilya» ilə bağlıdır.
Juninyo iki aydır yalnız «Sevilya»nı fikirləşdiyini, bütün planlarını məhz bu istiqamətdə qurduğunu və ora kökləndiyini etiraf edib.
Hücumçu onu da qeyd eləyib ki, Avropa Liqasının Liqa mərhələsinin ilk 6 turunda məhsuldar göstərə bilməməsinin, qol epizodlarının arxasında konsentrasiyasının pozulması dayanır.
SPORTİNFO.AZ