Bir neçə ay əvvəl “Qarabağ”lı Leandro Andradenin Azərbaycanı tərk edəcəyi haqda xəbərlər tirajlanırdı.
Leonun klubla müqaviləsinin olması, üstəlik, avrokuboklarda özünü daha çox göstərmək şansı onu burada qalmağa məcbur etmişdi.
Son yaşananlar vəziyyəti bir az qəlizləşdirib. 25 yaşlı yarımmüdafiəçi əsas heyətdə yer almaq üçün Aleksey Kaşukla rəqabətə tab gətirməlidir.
Andrade Sportinfo.az-a açıqlamasında “Qarabağ”ı tərk etmək barədə düşünmədiyini deyib:
“Həyatda nə baş verəcəksə, verəcək. Nəyisə ağlıma salıb gecə-gündüz düşünən adam deyiləm. Bu, tək futbola aid deyil. Ümumi planda beləyəm.
Çalışıram bu kimi söhbətlərdən uzaq durum, əsasən işimi düşünüm. Fikrim başqa yerdə olsa, heç nə edə bilməyəcəm.
Onun “Qarabağ”da xoşbəxtsənmi?” sualına cavabı qısa olub:
“Xoşbəxt olmasaydım, burda qalmazdım. Hər şey qaydasındadır”.
Ara-sıra Kabo-Verde millisinə də dəvət olunan futbolçu 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir.
O, geridə qalan müddətdə bütün yarışlarda 139 dəfə şans qazanmaqla 35 qolun, 45 məhsuldar ötürmənin müəllifi kimi yadda qalıb.
HƏBİB